Sosial sferaya ayrılacaq 14 milyard manat və prioritetlər – RƏY

Siyasət

“Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı sosial təminatın prioritet məsələlərindəndir”.

Bu sözləri 102info.az-a açıqlamasında deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hər il mütəmadi olaraq həm şəhid ailələri, həm də müharibə əlilləri üçün bir sıra sosial proqramlar həyata keçirilir:

“Bu sosial proqramların sayı ilbəil artır. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi istiqamətində 20 proqram reallaşdırılır. Eyni zamanda Qarabağ qazilərinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində isə 12 proqram həyata keçirilir. Bu proqramların bir qismi birbaşa dəstək, digərləri isə təşviqedici və bir sıra xidmətlərin sözügedən qrupa daxil olan ailələrə ödənişsiz olaraq təqdim edilməsini əhatə edir.

Bütün bunlar ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə veteranlarına olan xüsusi diqqət və qayğısının göstəricisidir. Ramazan ayında şəhid ailələri və Qarabağ qaziləri üçün nəzərdə tutulan yaşayış binasının açılışı da ondan xəbər verir ki, həmin ailələrin sosial təminatının, mənzil problemlərinin həlli daim diqqət mərkəzindədir”.

Deputat qeyd edib ki, gələcəkdə dövlət tərəfindən şəhid ailələrinin və Qarabağ qazilərinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək sosial proqramlara daha çox vəsaitin ayrılması gözlənilir:

“2022-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir. Təxminən 30 milyard manata yaxın büdcə xərclərinin 46,5 faizi sosial istiqamətə yönəldiləcək. Bu isə onu göstərir ki, sosial sferaya bu il ayrılacaq vəsaitin həcmi 14 milyard manatdan çox olacaq. Bu vəsaitin bir qismi artıq xərclənib. Növbəti aylarda da şəhid ailələrinin və Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı dövlət büdcəsindən vəsaitlərin ayrılması davam edəcək.

Bu məsələ, ölkədə həyata keçirilən sosial sisyəsətin əsas istiqamətlərindəndir. Prezidentin diqqət və qayğısı, tapşırıqlarına əsasən, bu istiqamətdə daha yeni proqramların icra edilməsi gözlənilir”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.