Türkiyə prezident seçkilərinə hazırlaşır: Ərdoğan ehtiyat sandığı açacaq – TƏHLİL

Siyasət

Türkiyədə 2023-cü ilin yayında prezident seçkisinin keçiriləcəyi gözlənilir, seçkiqabağı güclü siyasi mübarizə və yeni ittihamlar səsləndirmək üçün dəlil toplamaq rəqabəti dost ölkə üçün xarakterik haldır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq prezident seçkisində namizəd olacağını açıqlayıb, lakin onun rəqibləri, xüsusən də “altılıq ittifaqı” Ərdoğan kimi natiqin və gördüyü işlərin qarşısına hansı təbliğatla çıxacağını götür-qoy edirlər.

Türkiyə kimi ölkələrdə hər bir tərəfin köklü elektoratı var, seçici platforması əsasən AKP, CHP və MHP arasında bölünür və hakim partiya nəticələrdə önə çıxır.

Bu baxımdan altı siyasi partiyanın liderlərindən (Kamal Kılıçdaroğlu, Meral Akşener, Temel Karamollaoğlu, Gültekin Uysal, Əhməd Davudoğlu və Əli Babacan) yalnız CHP-nin güclü səs qazana bilmək ehtimalları var.

Lakin CHP fərqli namizədlə seçki səhnəsinə çıxmalıdır, çünki CHP lideri Kamal Kılıçdaroğlunun nə güclü nitqi, nə düz-əməlli arqumenti mövcuddur, əvvəlki seçkilərdə düçar olduğu məğlubiyyətlər də onun nüfuzunu itirməsinə səbəb olub.

“Altılıq” platformasında təmsil olunan digərləri isə həlledici səs yığa bilmək iqtidarında və gücündə dəyərləndirilə bilməzlər, məhz bu səbəblərdən dolayı müxalifətin Ərdoğanın qarşısına kimi çıxaracağı ciddi müzakirə mövzusuna çevrilib.

Üstəgəl keçmiş rəqib münasibəti kənara ataraq Ərdoğana doğru yön alan Devlet Bahçeli amili var, hər ikisi Türkiyə siyasi teatrında milli təhlükəsizlik uğrunda əl-ələ veriblər.

Türkiyə dövləti seçkiqabağı xarici təzyiqlər, bunun daxilə köçürülməsi çağırışları ilə üzləşəcək ki, bu da Ərdoğanın nəzərindən yayına bilməz.

Əldə edilən kəşfiyyat məlumatları, bunun Ərdoğana məruzə olunması prezidenti “A”, “B” planları üzərində düşünməyə vadar edir, çünki Türkiyədəki seçki üçün Ərdoğanın xaricdəki rəqibləri böyük miqdarda pul xərcləyəcəklər.

Hər nə qədər qəribə səslənsə də, deyə bilərik ki, burada təəccüblə qarşılanacaq hal yoxdur, Türkiyə belə təcrübə ilə o qədər üzləşib ki, artıq dövlətin də, cəmiyyətin də buna qarşı güclü immuniteti formalaşıb.

Seçki öncəsi Türkiyənin xarici siyasət kursunda da dalğalanmaların olması xarakterikdir, ona görə də Ankaranın digər ölkələrlə münasibətlərində gərginlik yaranacağı da ehtimallar sırasında özünə möhkəm yer tutur.

Türkiyə lideri Ərdoğan isə əlində kartlar saxlayır və yeri gələndə bu kartları açmaqla ictimai baxışı əhəmiyyətli dərəcədə öz lehinə çevirə bilmək qabiliyyətinə malikdir.

Ərdoğanın qarşısında dayanan ən böyük çağırış iqtisadi problemlərin tənzimlənməsidir, yəqin ki, hökumət bir sıra məsələləri həll edəcək.

İqtisadiyyatdakı nöqsanları dənizlərdəki resurslar hesabına aradan qaldırmaq da Ərdoğanın planlarına daxildir.

Artıq Ərdoğan Qara dənizdəki qaz ehtiyatlarından 2023-cü ilin ilk rübündə ölkə daxilindəki tələbatı ödəmək üçün istifadə ediləcəyini söyləyib.

Ərdoğanın əlində iqtisadi tablonun rəngini açacaq başqa arqumentlər də var və onu zaman keçdikcə açıqlayacaq.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love