Türkiyə ilə Yunanıstan arasında hərbi münaqişə riski: Bakı-Ankara müştərək gücü işə düşə bilər – TƏHLİL

Siyasət

İki NATO üzvü – Türkiyə ilə Yunanıstan arasında hərbi eskalasiya riski qapını döyür, regionda yeni münaqişənin yaranmaması üçün beynəlxalq səylər həmin qapının açılmamasına yönəlməlidir.

Türkiyə-Yunanıstan qarşıdurmasını alovlandıran amillər bunlardır:

– Yunanıstan Egey dənizindəki adaları silahlandırır,

– Türkiyə bunu Lozanna və Paris müqavilələrinə zidd hesab edir. Bununla da, həmin adalara suverenlik iddiaları irəli sürür,  

– Şərqi Aralıq dənizindəki enerji resursları uğrunda mübarizə, 

– Yunanıstan Qərbi Trakiya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir.

Qərb Türkiyədə prezident seçkisi öncəsi özünün süni şəkildə yaratdığı küləkləri əsdirmək istəyir, simpatiyasını Yunanıstana istiqamətləndirir, Ankara isə suveren hüquqlarınının, ərazi bütövlüyünün qorunması üçün ordusunun gücünü artırır və qarışıq situasiyalarda diktəlsini həmin ordunun gücü hesabına yeridir.

Türkiyə ilə Yunanıstan ordusunun müqayisəsini aparsaq, demək olar ki, birincinin bütün komponentlər üzrə rəqibini əhəmiyyətli dərəcədə üstələdiyini görürük. Siyasi konflikt hərbi münaqişəyə çevriləcəyi təqdirdə Yunanıstan Türkiyə qarşısında duruş gətirə bilməyəcək, Qərb isə ən yaxşı halda Yunanıstana silah tədarükü edə bilər.

Ancaq bunu strateji beyinlərin düşünən yarımkürəsinə yerləşdirmək lazımdır ki, Türkiyə ərazilərinə hər hansı qəsd cəhdi elə də asan deyil, Türkiyə ordusunun döyüş gücü, şəxsi heyətin psixoloji vəziyyəti elə həddədir ki, Ankara öz rəqiblərinə Çanaqqaladan sonra ikinci dərs verər.

Egey adalarının çoxu Türkiyə sahillərinə yaxındır və Yunanıstan həmin yerlərdə silahsız mövcudluğunu şərtləndirən müqavilələri pozaraq hərbi varlıq qurur. Hərçənd ki, həmin adalar Yunanıstana silahsızlaşdırılmaq şərti ilə verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq təlimində çıxış edərkən Yunanıstana xəbərdarlıq edib. Deyib ki, rəsmi Afina Egey dənizindəki adaları silahlandırmaqdan çəkinməlidir.

Həmin adalardan üçüncü tərəflər də yararlanmaq niyyətindədir, bu isə Türkiyəyə yeni təzyiq metodudur, Ankara əldə etdiyi kəşfiyyat məlumatları ilə həmin basqıların nəyi hədəflədiyini gözəl bilir.

Bəli, Türkiyə hədəfdədir, amma Ərdoğan üçüncü tərəflərə də müraciətlə qarışıq xəbərdarlıq ünvanlayıb ki, onlar adalar məsələsinin “barıt”ını çox etsələr, bu, fəlakətlə nəticələnəcək.

Mövzunu bir az da inkişaf etdirsək, Yunanıstan amilini Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda da dəyərləndirmək ehtiyacı yaranır.

Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyənin ikisindən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər birgə məsləhətləşmələr aparacaq.

Bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Yəni, Türkiyə ilə Yunanıstan arasında müharibə başlasa, zəruri olarsa, Azərbaycan da Türkiyənin yardımına çatacaq.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love