İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndə verdiyi mesajlar – ŞƏRH

Siyasət

Azərbaycanda “Bakı Enerji Həftəsi” keçirilir. Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciət ünvanlayıb.

İlham Əliyev qeyd edib ki, Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir.

Azərbaycanın qlobal enerji bazarlarında oynadığı rol ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasının (“Əsrin müqaviləsi”) və İlham Əliyevin həmin ideyalar əsasında davam etdirdiyi kursun nəticəsidir.

“Bakı Enerji Həftəsi” də Azərbaycanın enerji siyasətinin gündəliyini ən müasir çağırışlara uyğun formalaşdıran platforma rolunu oynayır.  

İlham Əliyev deyib: “Təqdirəlayiqdir ki, qlobal çağırışa çevrilmiş dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması, habelə əlverişli və təhlükəsiz enerji təchizatı kimi məsələlər builki “Bakı Enerji Həftəsi”ndə dialoqun əsas gündəliyini təşkil edir. Eyni zamanda, “Bakı Enerji Forumu” enerji sektorunun əsas tədbiri statusu qazanmış Xəzər Neft və Qaz Konfransının ənənələrini davam etdirməklə yanaşı, gündəliyini yeni enerji seqmentləri ilə də genişləndirib”.

Dünya ölkələrinin üzləşdiyi çağırışlar və qlobal enerji balansında gözlənilən struktur dəyişikliyi region üçün də dayanıqlı və təmiz enerji güclərinin artırılması, yeni enerji marşrutlarının müəyyən edilməsi kimi vəzifələri gündəmə gətirir.

Prezident bunu nəzərə alaraq deyib ki, qlobal və regional enerji təhlükəsizliyinin təmin olunmasında önəmli oyunçulardan olan Azərbaycan xüsusilə bərpa olunan enerji növlərinin inkişafı istiqamətində davamlı layihələr həyata keçirir, qonşu ölkələrin enerji sistemləri ilə sıx inteqrasiyaya, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına dəstək verir.

“Enerjinin transformasiyasında təbii qazın getdikcə daha çox əhəmiyyət kəsb etməsi fonunda “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi daha da artır. Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu enerji dəhlizinin gələcəkdə genişləndirilməsi imkanları böyükdür”.

Azərbaycan 44 günlük Vətən müharibəsində işğalda olan torpaqları azad etdikdən sonra həmin ərazilərdə alternativ enerji mənbələrinin yaradılması üçün mühüm addımlar atıb.

Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər.

İlham Əliyev qeyd edib ki, bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir.

“Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız “yaşıl artım” ölkəsinə çevrilmək üçün mühüm imkanlar vəd edir”, – deyə İlham Əliyev əlavə edib.

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində də iştirak edib.

Aqil Vəlili

Mubariz-Kesikde.org.az

Spread the love