Baydenin Əliyevə ünvanladığı yeni məktubun “bətnindəkilər” – TƏHLİL

Siyasət

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden ard-arda Azərbaycanın dövlət başçısı İlham Əliyevə xoşməramlı mətnlərlə zəngin məktublar ünvanlayır.

Üslub baxımından xoş niyyətlərin ifadə olunduğu məktublar özündə iki ölkə arasındakı münasibətlərin dərin strateji tərəfdaşlıq prinsipləri ilə inkişaf etdirilməsi istiqamətlərini müəyyənləşdirir.

Bu dəfə Bayden ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi münasibətilə İlham Əliyevə təbrik ünvanlayaraq həmin istiqamətləri bir daha təkrar edib.

Bayden sələflərinin dediklərini və Ağ Evin dəyişməz maraqlarını bu formada təqdim edir: ABŞ davamlı tərəfdaşlığa və əməkdaşlığa sadiqdir.

Azərbaycanın Cənubi Qafqazdakı geostrateji əhəmiyyəti, zəngin təbii resursları, beynəlxalq nəqliyyat dəhlizlərindəki statusu, yürütdüyü siyasətdəki məsafəli davranış, Avropanın enerji bazarlarındakı rolu Vaşinqtonun gözündə Bakını yüksəklərə qaldırır.

Bütün bunlar Vaşinqton-Bakı oxunda transmilli təhlükələrə qarşı mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi kimi müştərək maraqlar bərqərar edir, Rusiya-Ukrayna müharibəsi fonunda isə həmin maraqların polad kimi bərkiməsi çağırışları Ağ Evin marağında dayanır.

Bakı xarici siyasət kursuna sadiq qalaraq istiqamətini tamamilə ABŞ tərəfə sıxışdırmaqdan yayınacaq, qlobal güc mərkəzlərinin poliqonuna çevrilmək xəttini özünə yaxın buraxmayacaq yalnız iqtisadi-ticari, diplomatik-siyasi münasibətlər zəminində inkişafa təkan verəcək siyasətini davam etdirəcək.

Yəni Baydenin açıq-gizli “mənim tərəfimdə ol” çağırışları Bakını şirnikləndirmir, sadəcə ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün Bakıya yönləndirici tezislər təqdim edən diplomatik platformaya çevrilir.

Vaşinqton da Azərbaycan Respublikasının öz xarici siyasət kursunun xarakterini dəyişməyəcəyini bilir, ona görə də Azərbaycanın enerji resurslarının şaxələndirilməsini prioritetləri sırasında saxlayaraq Bakı üçün cəlbedici ideyalarla çıxış edir.

Bu ideyaların öz xeyrinə çevrilməsi üçün isə ABŞ enerji sektoru ilə yanaşı Qarabağa da investisiya qoymalıdır, hərçənd ki, insan hüquqları mövzusunda olduğu kimi, bu məzmunda da Bakı-Vaşinqton arasında fikir ayrılıqları mövcuddur.

Baydenin məktubları həmin mübahisəli mövqelərin ortaq məxrəclə nəticələnməsi üçün mayak rolunu oynayır, amma bütün qərarları Bayden vermir, Bakının da arqumentləri nəzərə alınmalıdır.

Bayden məktubunda Azərbaycanın həmin arqumentləri yaratdığına işarə edir, bildirir ki, İlham Əliyev Azərbaycanın tam potensialına nail olunması üçün davamlı addımlar atır.

Azərbaycanla ABŞ münasibətlərinin yaxın zamanlarda yeni səhifə açacağı gözləniləndir.

ABŞ-ın Azərbaycana səfir göndərəcəyi Mark V. Libbi də xüsusi missiya ilə Bakıya göndəriləcək və onun qarşısında mühüm təlimatlar qoyulacaq.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love