Prezidentin azad edilən ərazilərə növbəti səfəri: Strateji maraqlarımıza xidmət edən quruculuq – TƏHLİL

Siyasət

Azərbaycan dövlətinin 44 günlük müharibədən sonra qarşısına qoyduğu prioritet məsələlər sırasında işğaldan azad edilmiş ərazilərimizin sürətli bərpası, həmin ərazilərə tarixi kimliyinin qaytarılması, ən əsası isə uzun illər doğma yurdlarından zorla didərgin salınmış insanların öz evlərinə qayıdaraq burada rifah içində yaşamasını təmin etmək dayanır.

Sözügedən məsələlər dövlət başçısı Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sözügedən ərazilərdə aparılan işləri nəzarətdə saxlamaları, hər zaman şəxsən yerindəcə işlərin gedişatı ilə tanış olmaları dövlətin bu məsələdə həssaslığını ortaya qoyur.

Elə ötən gün dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti dəfə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri də məhz bu qəbildəndir. Ölkə rəhbərliyi növbəti dəfə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə tanış olub, təməlqoyma mərasimlərində iştirak edib və müvafiq tapşırıqlar verib.

Üstəlik, Prezident İlham Əliyev tərəfindən göstərilən bu xüsusi diqqət və qayğı sadəcə işğaldan azad edilmiş ərazilərlə də kifayətlənmir. Belə ki, dövlət başçısı Azərbaycanın bütün regionlarının sürətli və hərtərəfli inkişafını, regionlarda aparılan quruculuq işlərinin gedişatına diqqət ayırır.

Bütün bunlarla yanaşı Prezident İlham Əliyev tərəfindən Zəngəzur dəhlizinin avtomobil, dəmir, hava yolları seqmentlərinin və beynəlxalq enerji dəhlizinin yaradılması məsələsi də xüsusi diqqətdə saxlanılır. Bu istiqamətdə aparılan işlər sürətlə icra olunur. Sözügedən nümunədə Azərbaycan dövləti uğurla icra etdiyi quruculuq prosesi ilə özünün strateji maraqlarını paralel şəkildə inkişaf etdirir.

Məsələn, Zəngəzur dəhlizinin, həmçinin Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyində həm infrastruktur layihələrini icra edir, həm də bu işləri strateji cəhətdən böyük əhəmiyyətə malik planlar çərçivəsinə salmaqla öz maraqlarını və baxışlarını açıq şəkildə ortaya qoyur.

Mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisindəki Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.

Bununla yanaşı, dövlət başçısının iştirakı ilə “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi də baş tutub.

Müvafiq addımlar həm işğaldan azad edilmiş Cəbrayıl rayonunun yenidən qurulmasında, həm də regionun inteqrasiya proseslərində mühüm yer tutur. Belə ki, ərazidə nəqliyyat-kommunikasiya xətlərinin inkişafı sözsüz ki, gələcəkdə burada iqtisadi inkişafa təkan verəcək başlıca məqamlardandır. Qeyd olunan yarımstansiya isə beynəlxalq enerji dəhlizinin yaradılmasında mühüm əhəmiyyət daşıyır.

Nəqliyyat-kommunikasiya sahəsindən bəhs edərkən, sözsüz ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilan rayonuna səfərini xüsusi vurğulamaq lazımdır.

Zəngilan Beynəlxalq Hava Limanında aparılan işlər, eyni zamanda bu layihənin önəmini bir daha vurğulamaq zərurəti yaradıb. Belə ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdən biri kimi xarakterizə olunur, həmçinin bu aeroport Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Eyni zamanda 2021-ci ilin oktyabrın 26-da Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə açılış mərasimi keçirilmiş Füzuli Beynəlxalq Hava Limanı kimi olduqca mühüm obyektdir. Buradan həyata keçiriləcək uçuşlar gələcəkdə yalnız Zəngilanın deyil, ümumilikdə regionun iqtisadi inkişafına töhfə verəcək.

Sözsüz ki, dövlətimiz tərəfindən bölgəyə tarixi kimliyinin qaytarılması məsələsinə də həssas yanaşma nümayiş etdirilir. Belə ki, 30 ilə yaxın işğal dövründə erməni vandalizmi regiondan Azərbaycan izlərini silməyə, mədəni, tarixi və dini abidələrimizi məhv etməyə çalışıb.

Odur ki, işğala son qoyduqdan sonra bütün bu məqamların aradan qaldırılması da Prezidentin diqqətində duran məsələlərdəndir. Elə Zəngilanın tarixi kimliyinin qaytarılması baxımından bərpasının təməl daşı Prezident İlham Əliyevin iştirakı ilə ötən il aprelin 26-da qoyulan Zəngilan məscidində görülən işlər də əhəmiyyətlidir. Prezident İlham Əliyev ötən gün Zəngilan səfərində bu işləri də diqqətindən kənar qoymayaraq görülən işlərlə tanış olub.

Onu da vurğulayaq ki, işğaldan azad olunmuş ərazilərdə milli-mədəni və tarixi irsimizin bərpası ilə bağlı görülən işlər, həm həmin ərazilərdə, həm də ümumilikdə ölkədə tarixi abidələrin, dini məbədlərin və s. bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır. Heydər Əliyev Fondu məhz Azərbaycan xalqı üçün böyük əhəmiyyəti olan bu missiyanı uzun illərdir uğurla icra edir.  

Prezidentin Zəngilan səfəri ilə bağlı qeyd olunmalı xüsusi bir məqam da var ki, o da Zəngilan rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimidir. Bununla Azərbaycan dövləti öz tarixi Zəfərini əbədiləşdirməklə yanaşı, həm də 44 günlük müharibədə son qoyduğu işğalın dəhşətlərini də unutdurmayacağını, erməni vandalizminin ifşasının hər zaman gündəmdə qalacağını göstərir.

Azərbaycan lideri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva səfər çərçivəsində həmçinin şəhərin Baş planı ilə də tanış olublar. Təqdim olunan plan onu göstərir ki, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi sürətlə inkişaf edəcək. Burada salınacaq ən müasir yaşayış məntəqələri, icra olunacaq infrastruktur layihələri bölgəyə dinc həyatı qaytarmaqla yanaşı, həm də iqtisadi inkişafa da təkan verəcək.

Orxan Tağıyev

Mubariz-Kesikde.org.az

Spread the love