Türkiyənin Ombudsmanı: “Ermənistana qarşı beynəlxalq təzyiq mexanizmi yaradılmalıdır” – MÜSAHİBƏ + FOTO

Siyasət

Türkiyənin İnsan hüquqları üzrə müvəkkili (ombudsman), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti Şeref Malkoç “102info.az”a müsahibə verib.

Sözügedən müsahibəni təqdim edirik:

– Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər etmisiniz. Şuşadan hansı təəssüratlarla qayıtdınız?

– Qarabağ və ətraf rayonlar 30 ildir işğal altında idi. Bu baxımdan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsi xüsusi əhəmiyyətə malik idi. Biz müharibənin davam etdiyi bir vaxtda həmkarım Səbinə Əliyevanın dəvəti ilə Şuşanın ətrafındakı ərazilərdə olmuşduq. Həmin vaxt ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklərlə tanış olmuş və faktları sənədləşdirmişdik. Keçən il ilk dəfə Şuşada olduq, dağılmış tarixi-memarlıq abidələrini gördük. Həmçinin minalı ərazilərlə bağlı müəyyən işlər həyata keçirdik.

Budəfəki səfərimizin məqsədi isə türkdili dövlətlərin parlamentlərinin insan haqlarına dair iclasında iştirak etmək idi. Azərbaycana gəlmişkən Şuşaya da getmək istədik. Şuşada sonuncu dəfə səkkiz ay əvvəl olmuşduq. O vaxt hələ Füzuli hava limanı istifadəyə verilməmişdi. Bu dəfə gələndə Füzuli aeroportunu, habelə “Zəfər yolu”nu hazır vəziyyətdə gördük. Şuşada yenidənqurma işlərinin davam etdiyini görmək çox sevindiricidir. Əlbəttə, torpaqların azadlığa qovuşması çox mühüm tarixi hadisədir. Odur ki, fürsətdən istifadə edib bir daha Azərbaycan xalqını təbrik edirəm.

– Azərbaycan və Türkiyənin ombudsman qurumları arasında əlaqələri necə qiymətləndirirsiniz?

– Əlbəttə, əlaqələrimiz sıxdır. Bundan sonra daha da inkişaf edəcək. Yəqin ki, ortaq tədbirlərimizin sayı artacaq. Şübhəsiz, indi türkdilli dövlətlərin ombudsman qurumları, o cümlədən Azərbaycanla Türkiyənin sözügedən təşkilatları arasında əlaqələrin inkişafına ehtiyac var.

– Bildiyiniz kimi, Ermənistan hələ də minalı ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib. Sizcə, beynəlxalq ictimaiyyət bunun üçün hansı addımlar atmalıdır?

– Mütləq Ermənistana qarşı beynəlxalq təzyiq mexanizmi yaradılmalıdır. Müvafiq qurumların, o cümlədən BMT-nin təsir mexanizmləri işə salınmalıdır. Bu, əsas şərtlərdən biridir. Çünki mina dünyanın ən vəhşi silahıdır. Silahlar arasında ən ciddi itkiyə səbəb olan məhz minalardır. Ona görə də hər kəs öhdəsinə düşəni etməlidir.

– Siz eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidentisiniz. Assosiasiya bu istiqamətdə hansı işlər görə bilər?

– Biz lazımi sənədləri hazırlamışıq. Azərbaycan və müvafiq qurumlar tərəfindən müəyyən işlər görülür. Əlbəttə, biz İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyası olaraq Azərbaycanın yanındayıq.

– İƏT Ombudsmanlar Assosiasiyası Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi cinayətlərlə bağlı vahid mövqeyə malikdirmi?

– İki milyard insandan ibarət İslam dünyası var. Əlbəttə, hər ölkənin öz problemləri, prioritetlərinin olması təbiidir. İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasını yaratmaqda məqsədimiz isə İslam aləmində haqq-ədalətin qorunmasını təmin etməkdir. Bu il mayın 13-də isə Türkiyədə Türkdilli dövlətlər Ombudsmanlar Assosiasiyasının əsası qoyuldu. Əlbəttə, bu, əlaqələri daha da inkişaf etdirmək üçündür. Bundan sonra da türkdilli dövlətlərin ədalətli səsinin dünyaya çatdırılmasını təmin edəcəyik və bu istiqamətdə beynəlxalq aləmə nümunə olmağa çalışacağıq. Sözsüz ki, istənilən nəticəyə səylə, çalışmaqla nail olmaq mümkündür. Əsas məsələ haqqın, ədalətin tərəfində olmaqdır.

– Şeref bəy, 30 il müddətində BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq qurumlar Qarabağ məsələsinin həlli istiqamətində addım atmadılar. Nəhayət, Azərbaycan düşmənin növbəti təxribatına əks-hücumla cavab verdi. Sizcə, bundan sonra beynəlxalq təşkilatlara güvənmək olarmı?

– Əlbəttə, bundan sonra beynəlxalq təşkilatlara güvənməyəcəyik. Amma nəzərə almaq lazımdır ki, BMT-nin mahiyyəti məhz bu işlərlə məşğul olmaq, o cümlədən müharibələrin qarşısını almaq, minalı əraziləri “təmizləmək”dir. Yəni BMT-yə güvənməyə ehtiyac yoxdur. Sadəcə bundan sonra qurumun müvafiq komitələrini öz işlərini görməyə sövq etmək lazımdır. Səylər bu istiqamətdə olmalıdır.

Mubariz-Kesikde.org.az

Spread the love