Xalqın dəyərləri, dövlətin qayğı və diqqəti ilə oynayanlar: Saxtakarlar gerçək qazilərə qarşı

Siyasət

44 günlük müharibədə qazanılmış şanlı Zəfər Azərbaycan xalqının birliyinin, xalqın öz lideri ətrafında yumruq kimi birləşərək eyni amal uğrunda mübarizəsinin mütləq qələbəsinin təntənəsinə çevrildi. Bu tarixi dövr hər bir azərbaycanlı üçün iftixar mənbəyinə çevrildi. Tarixin şanlı səhifələrində öz layiqli yerini tutdu. Azərbaycan Ordusu müharibədə ən son texnoloji imkanlardan, taktikalardan istifadə etsə də, sözsüz ki, qələbənin təməlində Azərbaycan insanı dayandı. Xalqımızın qəhrəman övladlarının şücaəti, cəsarəti və haqq uğrunda mübarizəsi Zəfər salnaməsini yazdı.

Azərbaycan dövləti üçün hər zaman öz xalqının, vətəndaşlarının maraqları, onların rifahı prioritet təşkil edib. Çıxışlarından birində dövlət başçısı İlham Əliyevin dediyi kimi:

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdırlar”.

Azərbaycan vətəndaşları tarixi Zəfərin təməlini təşkil etdikləri kimi, dövlətin siyasətinin də mərkəzində dayanırlar. Prezident İlham Əliyevin qeyd olunan sözləri isə bir daha dövlətin öz xalqına verdiyi dəyəri, uzun illərdir yürüdülən siyasi xəttin əsas mahiyyətini əyani şəkildə sübut edir.

İstər 90-cı illərdə Qarabağda gedən döyüşlərdə şəhid və qazi olanlar, istərsə də 44 günlük müharibədə Vətənin müdafiəsi uğrunda canını, qanını əsirgəməyən, müqəddəs amalımız uğrunda sağlamlığını itirən qəhrəman Azərbaycan övladları daim bu diqqətlə əhatə olunublar.

Statistik məlumatlara nəzər salsaq, illərdir daim diqqət mərkəzində olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı ötən il beş dəfə genişləndirilib. Həmin kateqoriyalardan olan vətəndaşlara postmüharibə dövründə 3500 mənzil, ümumilikdə ötən dövrdə 12500 mənzil və fərdi ev təqdim edilib. Son dörd ildə 1450, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə minik avtomobili verilib.

Bundan əlavə, 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçıları (o cümlədən müharibə əlilləri) ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə həmin kateqoriyalara aid 93 min şəxsə aylıq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, müavinət və pensiya) təyin olunub, sosial ödəniş təyinatları üzrə ümumilikdə 104 min xidmət göstərilib.

“Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın”.

Bu sözləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib.

Azərbaycan lideri bu sözləri ilə şəhid ailələri, qazilərimizə dövlətin hərtərəfli dəstəyini ortaya qoyub, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərin birbaşa olaraq diqqət mərkəzində saxlanıldığını xatırladıb.

Bütün bu qayğı və diqqətin fonunda, təəssüf ki, şəhid, qazi ailəsi adından sui-istifadə hallarına da rast gəlinir. Xüsusən, 44 günlük müharibədən sonra istər dövlətin, istərsə də Azərbaycan xalqının etimadından, verdiyi dəyər və diqqətdən istifadə etməyə çalışan şəxslər peyda olur.

Saxta qazilər

Yəqin ki, xüsusən müharibədən sonrakı dövrdə özünü qazi kimi təqdim edib, imtiyazlar almaq məqsədilə dövlət orqanlarını şantaj edənlərlə, müxtəlif səhnələr quraraq dövlət orqanlarını qınaq hədəfinə çevirməyə cəhdlərlə bağlı məlumatlar hər birimizin qarşısına çıxıb. Üstəlik, bu cür şəxslər təkcə dövlətdən imtiyazlar almaq üçün deyil, həm də xalqın etimadını özləri üçün gəlir yerinə çevirmək, hansısa ehtiyaclarını qarşılamaq üçün də istifadə edirlər.

Sözügedən şəxslər hər bir azərbaycanlı üçün müqəddəs olan şəhid adından, qazilərə olan sonsuz hörmətdən mənfəət əldə etməyə çalışırlar.

Bu cür hallar Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin yaxınları və qəhrəmancasına döyüşmüş qazilərimiz tərəfindən də mənfi qarşılanır. Azərbaycan cəmiyyəti üçün də müqəddəs olan anlayışlardan sui-istifadə birmənalı olaraq qəbuledilməz xarakter daşıyır.

Odur ki, cəmiyyətdə peyda olan bu mənfi tendensiya ilə mübarizə aparmaq vətəndaş olaraq hər birimizin də öhdəliyinə çevrilir. Şəhid ailələri və qazilərin adına ləkə gətirən bu cür fürsətçilərin ifşa olunması, ictimai qınaq obyektinə çevrilməsi zərurətə çevrilir.

Çünki Azərbaycan xalqı öz müqəddəs dəyərlərinə daim dərin ehtiram göstərir, bu uğurda mübarizə aparanlardan layiq olduqları sevgi və dəyəri əsirgəmir. Daim öz xalqının mənafeyi və rifahını düşünən Azərbaycan dövləti də şəhid ailələri və qazilərimizə münasibətdə gərəkli həssaslığı nümayiş etdirir.

Bu cür mühitdə peyda olan saxta qazilər isə qeyd olunan münasibətlərə, etimad və ehtiram mühitinə xələl gətirirlər. Onlar vətəndaşların hisslərini istismar edir, dövlət orqanlarını öz yalanlarına inandıra bilmədikdə qaralama kampaniyası aparır, şantaja əl atır, saxta iddialarla əslində özlərinin layiq olduqları qınaq oxlarını həmin qurumlara yönləndirməyə cəhd edirlər.

Müşahidə olunan məqam bir daha hər birimizi diqqətli olmağa sövq edir. Bizim üçün hər zaman şəhid ailələri, onların yadigarları, qazilərimiz dəyərlidir, ancaq bu adlardan sui-istifadəyə və saxtakarlığa imkan vermək yolverilməzdir.

Bu cür şəxsləri ifşa etmək, onların qanunazid əməllərini sərt tənqid edərək ictimai qınaq obyektinə çevirmək məsələnin həllinə böyük dərəcədə kömək edə bilər. Xalqın hisslərinin və dövlətin qayğısının istismar edilməsinə imkan verməmək hər birimizin öhdəliyində olan vəzifədir. Hər birimiz üçün əziz olan şəhid və qazilərimizin adına ləkə gətirməyə cəhd göstərənlərlə mübarizə aparmalı, dövlətin yüksək qayğı və diqqətinin fonunda belələrinin süni oyunlar qurmasına, sadə vətəndaşları bu oyuna alət etmək cəhdlərinə qarşı çıxmalıyıq.  

Orxan Tağıyev

Mubariz-Kesikde.org.az

Spread the love