Azərbaycan və Ermənistan liderlərinin görüşü: Avropa İttifaqı ev sahibi rolunda – ŞƏRH

Siyasət

Azərbaycan və Ermənistan liderləri arasında son altı ayda Brüsseldə üçüncü görüş reallaşıb. Mayın 22-də Belçikada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Bundan əvvəl 2021-ci il dekabrın 14-də və aprelin 6-da Brüsseldə üçtərəfli görüşlər baş tutmuşdu.

Əslində, Azərbaycan və Ermənistan liderləri, rəsmiləri arasında birbaşa, təkbətək görüşlərin çox olması tərəflər arasında etimad mühitinin artmasına, mövcud problemlərin həllinə yardım edər. Vasitəçilərin çoxluğu problemlərin həllinə mane ola biləcək çoxsaylı maraqlar, iddialar deməkdir. Başqa sözlə, fərqli mövqedə olan vasitəçilər həm də regionda öz maraqlarının təmininə çalışdıqlarından tərəflər arasında problemlərin həlli ya gecikir, ya da uzun illər həll edilməmiş qalır.

Müasir dövrdə də dövlətlər və cəmiyyətlər arasında çoxsaylı problemlər, münaqişələr var. Bu baxımdan, vasitəçilərin azlığı, yaxud danışıqlara ev sahibliyi edəcək səviyyədə olması tərəflər arasında ziddiyyətlərin həllinə dəstək verə bilər. Azərbaycan torpaqlarının on illərlə yaxın Ermənistanın işğalı altında qalması həm də keçmiş münaqişənin həllində çoxsaylı vasitəçilərin olması ilə bağlı idi. Bunun üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 illik fəaliyyətinə nəzər salmaq kifayət edər. Bu qrup fəaliyyətdə olduğu illər ərzində Azərbaycan torpaqları nəinki işğaldan azad olundu, əksinə, həmin torpaqlarda qanunsuz məskunlaşmalar baş verdi, ərazilər minalandı.

Mayın 22-də keçirilən görüş beş saatdan çox davam edib. Azərbaycanla Ermənistan arasında mövcud problemlərə dair mövzular əhatə olunub. Tərəflər arasında əldə edilən nəticələrə əsasən, görüşün uğurla başa çatdığını demək olar. Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında bunu vurğulayıb:

“Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik”.

O, açıqlamasında dörd məsələ ətrafında razılığa gəldiklərini qeyd edib. Birincisi, sərhəd məsələləri və bu məsələ ilə bağlı komissiyaların birinci birgə iclasının keçirilməsi, ikincisi, liderlərin kommunikasiya əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəlməsi.

Ş.Mişel deyib ki, liderlər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları ilə bağlı razılıq əldə ediblər və yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər. Bununla da kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılıq əldə olunub.

Brüssel razılığının üçüncü istiqaməti Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Aİ Şurasının Prezidenti bildirib ki, liderlər Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, yaxın həftələrdə xarici işlər nazirlərinin rəhbərliyi altında nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Sülh sazişinin bağlanmasında Azərbaycanın erməni vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının müdafiəsinə dair məsələnin həlli vurğulanıb. Görüşdə əldə edilən dördüncü məsələ isə sosial-iqtisadi inkişafla bağlıdır.

Şarl Mişel bu barədə deyib:

“Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək”.

Görüşdə humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi də müzakirə olunub.

Aİ Şurasının Prezidenti tərəflərin sıx təması saxlamağa və iyul-avqust aylarınadək eyni formatda yenidən görüşəcəklərinə razılıq verdiklərini vurğulayıb. Odur ki, Şarl Mişelin əminliklə verdiyi açıqlamaya əsasən, bu dəfə əvvəlki halların təkrarlanmayacağına ümid etmək olar. Ermənistan tərəfi üzərinə götürdüyü beynəlxalq öhdəliklərin həyata keçməsinə, bir qayda olaraq, problem yaradıb. Rəsmi İrəvan işçi qrupunun fəaliyyəti, sərhədlərin müəyyənləşməsi üzrə komissiyanın yaradılmaması kimi məsələlərin reallaşmasında süründürməçilik edib, dezinformasiya ilə məşğul olub.

Xatırladaq ki, əvvəlki görüşlərdə sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və başqa məsələlərlə bağlı komissiyanın yaradılması, Ermənistanın təşəbbüsü ilə bu komissiyanın ilk görüşünün aprelin 29-da Azərbaycan-Ermənistan sərhədində keçirilməsi kimi əhəmiyyətli məsələlərlə bağlı razılıq əldə olunmuşdu. Ancaq Ermənistanın növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirməsi səbəbindən bu görüş mayın 7-11-nə keçirildi, daha sonra bu tarixlərdə də görüş baş tutmadı.

Görüşün yekununa dair mətbuat üçün açıqlamada “Dağlıq Qarabağ” ifadəsi yenə də işlədilməyib. Bu, həm də beynəlxalq ictimaiyyət üçün belə bir terminin olmadığı və onunla bağlı bütün iddiaların saxta və uydurma olduğu anlamına gəlir. Sadəcə, Qarabağ iqtisadi rayonunun adı çəkilib, ermənilərin hüquq və təhlükəsizliyi məsələsindən bəhs edilib. “Status” məsələsi ümumiyyətlə olmayıb. Azərbaycan tərəfi ilk gündən vətəndaşı olan ermənilərin təhlükəsizliyinə və etnik azlıq kimi hüquqlarının qorunacağına həmişə təminat verib. Bu baxımdan, rəsmi Bakı üzərinə düşən beynəlxalq öhdəliklərə, bir qayda olaraq, əməl edib. Erməni vətəndaşlarını Azərbaycana qarşı daha çox Ermənistandakı mürtəce düşüncənin daşıyıcıları və regionda sülhün, əmin-amanlığın, rifahın olmasını istəməyən üçüncü dövlətlər qaldırır, Azərbaycanla ermənilər arasında düşmənçilik toxumu səpirlər. Yeri gəlmişkən, onlar bu istiqamətdə bir əsrdən artıqdır, fəaliyyət göstərirlər. Məhsul vermədiyindən hər dəfə müxtəlif ad altında tez-tez düşmənçilik üçün bəhanələri təzələyirlər. Ancaq o, bu dəfə düşmənçiliyin aradan qalxması üçün yenidən zəmin yaranıb.

Beləliklə, tarixdə ilk dəfə Azərbaycanla Ermənistan arasında əhatəli sülhün imzalanması və sərhədlərin bölünməsi, müəyyən olunması üçün bu cür fürsət yaranıb.

1918-ci ildə mövcud olmuş respublikaların ərazisi tam dəqiqləşmədən işğal olundular. Həmin vaxt bolşeviklər Azərbaycan torpaqlarını ermənilərin istəyincə müəyyənləşdirdilər. Tərəflər arasında başlıca problemlərin kökü də elə o vaxtdan qoyuldu. Belə ehtimal etmək olar ki, Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının prioritet məsələlərindəndir. Normallaşmaya yardım etmək məqsədilə budəfəki görüşün gündəliyinin layihəsinin də Avropa İttifaqı tərəfindən təqdim edildiyini ehtimal etmək olar. Artıq Qərbə daha aydın olub ki, bölgədə təhlükəsizliyin təmin olunması, ilk növbədə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından keçir. Bu, həm də Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmaması deməkdir. Azərbaycanla Ermənistan arasında sülhün bağlanması regionda Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə də müsbət təkan verər. Bu həm də Qara dəniz regionunun problemlərinin həllinə yardım olar.

Nəhayət, bu görüş həmsədrlik institutunun yararsızlığını bir daha təsdiqləyib. Odur ki, Cənubi Qafqazda bölgədə təhlükəsizliyin yaranmasına, sülhə və əməkdaşlığa nail olmaq çoxsaylı vasitəçilərdən imtinadan başlayır. Avropa İttifaqının ev sahibliyi ilə rəsmi Bakı ilə İrəvan arasında birbaşa görüşlərin tez-tez baş tutması, tərəflərin üzərinə düşən öhdəliklərə əməl etməsi regiona yaxın zamanda sülhün gəlməsinə, azərbaycanlı qaçqınların öz yurdlarına dönməsinə təkan verər.

Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan ictimaiyyəti daha çox Avropa İttifaqına etibar edir. Bu baxımdan, Cənubi Qafqazdakı nüfuzlarını qoruyub saxlamaq və inkişaf etdirmək üçün avropalılar da yaranmış tarixi şansdan yararlana bilərlər. Bu həm də keçmiş SSRİ məkanındakı münaqişələrin həlli ilə bağlı buraxılan səhvlərin təkrarlanmamasına kömək edər.

“102info.az” İnformasiya Agentliyi

Mubariz-Kesikde.org.az

Spread the love