İlham Əliyev: “Azərbaycanda regionun yeni nəqliyyat xəritəsi yaradılıb” – VİDEO

Siyasət

“Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik”.

Bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı deyib.

Prezident qeyd edib:

“Biz, həmçinin nəqliyyat sektorunda əməkdaşlıq məsələlərini də müzakirə etdik. Mən düşünürəm ki, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələrimiz arasında əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Biz Azərbaycanda bunun üzərində uzun illər işləmişik və nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaratmışıq. Mən bunu regionun yeni nəqliyyat xəritəsi adlandırardım, Qafqazlarda, həmçinin Xəzər dənizi boyu və Asiyada. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin sizə deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq. Əlbəttə, əvvəlcə dediyim kimi, bu, Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaqdır”.

 

Mubariz-Kesikde.org.az

Spread the love