Ümummilli lider Heydər Əliyev 99-cu ildönümündə region gəncləri tərəfindən hörmətlə anılıb – FOTO

Siyasət

Gənclərə qayğı və diqqətini heç zaman əsirgəməyən ümummilli liderin “Mənim üçün ən əziz nemət Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən asılıdır” fikirləri ulu öndərin 99-cu ildönümündə Azərbaycan gəncliyi tərəfindən böyük sevgi və hörmətlə xatırlanır. 

Azərbaycan gəncləri hər zaman olduğu kimi, bu gün də müstəqil dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini uca tutur, hörmətlə yad edirlər.

İldönümü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə regionlarda müxtəlif tədbirlər həyata keçirilib.

Ümummilli liderin rayon mərkəzlərindəki abidələrini ziyarət edən gənclər qalib ölkənin nümayəndələri olaraq öz dərin sevgi və ehtiramlarını ifadə ediblər.

Tədbirlər çərçivəsində respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiyalar təşkil edilib, gənclərə muzeydəki eksponatlar, ulu öndərin həyat yolu haqqında məlumat verilib.

Rayon rəsmiləri, tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masa və konfranslarda gənclər ulu öndərin siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi barədə məlumatlandırılıblar.

Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Dahi şəxsiyyət”, “Xilaskar ömrü”, “Dahi azərbaycanlı”, “Ulu öndər”, “Unudulmaz gün”, “Əsl məhəbbət haqqında”, “Azərbaycan xalqının xilaskarı”, “Heydər Əliyev – Dünyaya pəncərə”, “Heydər Əliyev – Vətənin keşiyində” filmləri gənclər tərəfindən böyük maraqla izlənilib.

Nümayəndəliklərin təşkilatçılığı ilə regionlarda Heydər Əliyev prospektləri boyunca veloyürüş təşkil edilib, Kür sahili ərazilərdə ağacəkmə aksiyası həyata keçirilib.

Silsilə tədbirlər çərçivəsində ulu öndərin 99 illiyinə həsr edilmiş intellektual oyun, mini-futbol yarışı, inşa müsabiqəsi keçirilib, qaliblər mükafatlandırılıblar.

Regionlarda ümummilli liderin 99 illiyi münasibətilə gənclərdən ibarət “Araşdırma qrupları” yaradılıb, qruplar tərəfindən “Heydər Əliyev və gənclər siyasəti”, “Heydər Əliyev və təhsil siyasəti”, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycanın ordu quruculuğu”, “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Heydər Əliyev və diplomatiya sənəti” mövzularında təqdimatlar hazırlanaraq geniş auditoriya qarşısında təqdim olunub. 

Gənclərimiz dahi şəxsiyyəti daim minnətdarlıq hissi ilə xatırlayacaq, onun əziz xatirəsini qəlblərində yaşadacaqlar. 

Mubariz-Kesikde.org.az

Spread the love