Rusiyaya qarşı sanksiyalar: Ermənistanın “qara kassa” rolu, ABŞ-ın buna göz yumması – ŞƏRH

Siyasət

Demokratiya və insan hüquqlarının təmini yaxşı şeydir, bu, Qərbin siyasi dəyərlər sistemində ön plandadır, hərçənd ki, bununla manipulyasiya hallarına da gen-bol yer verilir.

Demokratiya böyük geosiyasi və qlobal ambisiyaların həyata keçirilməsinin içərisinə salınanda o, savaşın içində əriyərək özünün mahiyyətindən qopur.

Bunun nişanələrini Qərbin Ermənistana isti münasibətlərində də görürük, hərçənd ki, bu, heç də təəccüb yaratmır.

Rusiyanın Ukraynaya təcavüzünə görə Qərb Kremli cəza stuluna oturtmağı hədəfləyir, bunun üçün total sanksiyalar dalğasını yaradır. Obyektivlik naminə deyək ki, bu addımlar Rusiyanı sonrakı ekspansiya siyasətindən çəkindirmək üçün lazımdır, amma həmin sanksiyaların hansı dərəcədə işləkliyi sual altındadır.

Bunun bir səbəbi də bol təzadlar zənciridir, bu ziddiyyətləri isə elə Qərbin (əsasən də ABŞ) özü dərinləşdirir.

Məsələn, Rusiyanın iradəsi altında əzilən Ermənistan Moskva ilə münasibətlərinin qeyri-leqal səviyyəsini saxlayır və İrəvan Moskvanın qara kassasına çevrilir.

Ermənistan beynəlxalq sanksiyalarla üzləşən Rusiya və İranın dalana dirənmiş iqtisadi çıxışındakı bəzi zəncirləri qırır, qanunsuz tranzit rolunu oynayır.

Ümumiyyətlə, Ermənistan keçmişdə də çirkli pulların yuyulması kimi “müqəddəs” missiya həyata keçirib və indi də həmin ənənəsinə sadiqlik nümayiş etdirir.

İran ayrı mövzu olduğuna görə, burada onun üzərinə vurğu etməyəcəyik, məsələni Rusiya-Ukrayna müharibəsi kontekstində şərh etməyə çalışacağıq. Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Ermənistan Rusiyanın biznes seçimi yerinə çevrilib – xüsusən də rusiyalı biznesmenlər Ermənistandakı informasiya texnologiyaları sahəsinə yatırım etməyə girişirlər.

Ermənistan hökuməti isə Rusiya bizneslərinin Ermənistana daşınması üçün qeydiyyatı, bürokratik prosedurları yüngülləşdirir.  

Burada təkcə fiziki yerdəyişmədən söhbət getmir, kriptovalyuta köçürmələri, mənzil kirayələri və ev heyvanlarının idxalına qədər hər şey asanlaşdırılır.

Sual oluna bilər ki, bunların ABŞ-la nə əlaqəsi? Gəlin baxaq, ABŞ Rusiya ilə normal ticarət əlaqələri saxlayan digər ölkələrə qarşı hədələyici tonda danışarkən Ermənistana münasibətdə müstəsna xoşməramlılıq nümayiş etdirilir.

Bununla da sübut olunur: Sanksiyaların tam gücü ilə işləməsi elə Qərbin özünə sərf etmir, əksinə, sanksiyalar qara bazarları fövqəladə dərəcədə canlandırır və burada tərəflər öz paylarını götürürlər.

Yox, belə deyildisə, ABŞ gərək Ermənistanı çoxdan sanksiya altına salardı, bunun isə nəinki şahidi olmuruq, heç əlamətlərini də üfüqdə görmürük.

Biz bu yazıda rəqəmlərdən və digər faktlardan bol istifadə edib oxucunu yormaq istəmirik, sadəcə ümumi mənzərənin tablosunu cızırıq.

Dünyanın supergücü olan ABŞ (həqiqətən də elədir) niyə Ermənistan mövzusunda siyasi korluq nümayiş etdirir, niyə Ağ Ev İrəvanın Moskvaya pəncərə açmasını görməzdən gəlir? Bu suallarla müraciət etsək, əminik ki, ABŞ diplomatları məsələdən böyük diplomatik məharətlə yayınacaqlar.

Hə, hələ bu azmış kimi, ABŞ Ermənistanı bir neçə ay öncə Demokratiya Sammitinə də dəvət etmişdi, düzdür, həmin zaman Rusiya-Ukrayna müharibəsi başlamamışdı, amma Ermənistanın başqa qara əməlləri Ağ Evə gözəl bəlli idi.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love