Deputat məmurlara səsləndi: “Korrupsiya və rüşvətxorluq əxlaqsızlıqdır” – MÜSAHİBƏ

Siyasət

Milli Məclisin deputatı Vüqar İskəndərov 102info.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. 

– Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi və qəbul edildi. Bu sahədə vəziyyət necədir, hər şey qeydə alınırmı, alınmırsa, səbəbləri nədir?

– Biz hər il Milli Koordinatorun hesabatında fərqliliyi və rəngarəngliyi hiss edirik. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov komitələrin birgə iclasında bildirdi ki, onlar şablonlardan kənara çıxmağa çalışırlar və fərqli məqamlara toxunmaq istəyirlər. Komitə iclaslarında deputatlar təklif etdilər ki, illik məlumatın şərh bölməsi daha geniş olsun.

Mən özüm isə preventiv tədbirlərin görülməsinin vacibliyini qeyd etdim. Regionlarda icra başçıları, polis rəisləri, rayon prokurorları, gənclər və idman idarələrinin rəisləri formatında həftədə bir dəfə orta məktəblərin yuxarı sinif şagirdləri ilə insan alveri mövzusunda görüş keçirilməlidir.  

– Ölkədə məhkəmə sisteminin fəaliyyətindən razısınızmı? Razı və narazı qaldığınız məqamlar nədir?

– Parlament hakimiyyətin qanunverici, məhkəmələr isə digər qanadıdır. Ona görə Milli Məclisin deputatı olaraq məhkəmələr haqqında hər-hansı iradın bildirilməsi siyasi etikadan kənar ola bilər. Bunu söyləmək olar ki, cənab Prezident İlham Əliyev tərəfindən ölkədə dərin məhkəmə-hüquq islahatları həyata keçirilir.

Buna müvafiq olaraq həm Ədliyyə Nazirliyi, həm də məhkəmələr həmin islahatlara adekvat olan iş qurmağa çalışırlar. Məhkəmə elə bir sistemdir ki, hamının ondan razı qalması mümkün deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Ən birinci onu qeyd etmək lazımdır ki, hakimlərin seçilməsi şəffaf metodlarla həyata keçirilir.

Problemlərə gəlincə, onu etiraf etməliyik ki, məhkəmə hakimləri çox yüklənirlər. Bu, vəkillərin və hakimlərin sayının əhali sayına adekvat olmamasından irəli gəlir. Amma bu problemin həlli istiqamətində də işlər aparılır. Bu, zaman aparan məsələdir. Cənab Prezidentin bu sahəyə xüsusi diqqəti var. Ədalətin bərpasını insanlar məhkəmə vasitəsilə görməlidirlər, bu, sivil, mədəni bir dəyərdir. Düşünürəm ki, Azərbaycan məhkəmələri də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.

–  Vətən müharibəsi iştirakçılarının təminatının yaxşılaşdırılması üçün daha nələr təklif edirsiniz?

– 44 günlük Vətən müharibəsi bizi qalib və qürurlu xalq etdi. Bu qüruru bizə yaşadan şanlı ordumuzdur, əsgər və zabitlərə dövlət qayğısının olması Prezidentin siyasətinin tərkib hissəsidir. Biz Birinci vitse-prezident Mehriban Əliyevanın da adını qeyd etməliyik.

Mehriban xanım humanist dəyərləri ilə həmişə qazilərin, şəhid ailələrinin yanında olduğunu göstərir. Dövlət və Heydər Əliyev Fondu həmin təbəqədən olan insanlara kifayət qədər həssas yanaşmanın nümunəsini ortaya qoyub.

Bu məsələdə dövlətlə iqtidar vahid mövqedən çıxış edir, vətəndaşlarımız “YAŞAT” Fonduna könüllü olaraq vəsaitlər köçürürlər. Düşünürəm ki, icra hakimiyyəti orqanlarında müvafiq şöbələrin yaradılması müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayacaq. Prezident İlham Əliyev bildirib ki, şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı hər birimizin vəzifəsidir.

– İdarəetmədə dəyişikliklər gözlənilir – Prezident də bunun anonsunu verdi. Sizin gözləntiniz nədir?

– Gənclərin bütün sahələrdə irəli çəkilərək onların müxtəlif vəzifələrə təyinatı baş tutur. Bu, Prezidentin Azərbaycan gəncliyinə olan etimadı və etibarının bariz nümunəsidir. İdarəetmə sisteminin çevikliyinin təmin edilməsi üçün yeni təsisat olaraq Prezidentin xüsusi nümayəndəsi institutu formalaşdırılır. Təbii ki, artıq digər sahələrdə də köklü islahatlar həyata keçiriləcək və bu qaçılmazdır.

– Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparıldığı məlumdur, bəs nəticə qənaətbəxşdirmi və daha nələr edilməlidir?

– Korrupsiya çox ağır bəladır, dünyanın ən inkişaf etmiş ölkələri də bu ağır bəladan tam qurtula bilməyiblər. Demək olmaz ki, hansısa korrupsiyasız ölkə var. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır. İslahatlar bu sahəyə də aiddir. Dövlət başçısı çıxışlarında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı məsələlərə toxunur. Uğurlarımız da çoxdur, artıq bir çox nazirliklərin əməkdaşları, icra başçıları korrupsiya əməllərinə görə mühakimə olunublar, bəzilərinin isə istintaqı aparılır.

Korrupsiyanın qarşısının alınması üçün elektron xidmətlər yaradılıb, “ASAN xidmət” yaradılıb və əhali bundan məmnundur. Amma problemlər hələ də qalır. Hələ də işini günün tələblərinə uyğun qura bilməyən məmurlar var. Təbii ki, onlara qarşı mübarizə aparılır. Bu proses davamlı olacaq. Ən əsası budur ki, rüşvət və korrupsiyanı yaradan halların qarşısı alınmalıdır və alınacaq. Bunun üçün təbliğat işləri aparılmalıdır, orta məktəblərdə, kolleclərdə, universitetlərdə oxuyan gənclik bilməlidir ki, korrupsiya və rüşvətxorluq əxlaqsızlığın bir növüdür. Hamı bilməlidir ki, korrupsiyaya qurşanmaq dövləti sarsıdan məsələdir.  

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love