Kamilə Əliyeva: “Təhsil ölkə başçısı üçün prioritet məsələlərdən biridir” – RƏY

Siyasət

“Təhsil – bu gün Azərbaycan hökumətinin qarşısına qoyduğu prioritet məsələlərdən biridir”.

Bunu 102info.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

O bildirib ki, ölkə başçısı bütün sahələrə olduğu kimi, təhsilə də xüsusi diqqət və qayğı ilə yanaşır:

“Azərbaycanın nəinki şəhərlərində, eləcə də bölgələrində, ucqar kəndlərdə də yeni-yeni təhsil müəssisələri inşa edilir. Müasir tədris prosesinə uyğun infrastruktur yaradılır. Məktəblər bütün zəruri avadanlıqlarla təchiz edilir, internet şəbəkəsi ilə təmin edilir. Orada şagirdlər yüksək səviyyədə təhsil almaq imkanına malikdirlər. Bunun nəticəsidir ki, ilbəil yüksək bal toplayan gənclərimizin sayı artır.

Eyni zamanda ölkədə təhsilin inkişafında ölkə başçısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva da təhsil sahəsinə çox böyük qayğı ilə yanaşır. Bir sıra məktəblərin təmirində və yenidən inşa edilməsində Heydər Əliyev Fondunun böyük əməyi var. Bütün bunlar ölkədə təhsilin inkişafı üçün atılan addımlardır.

Məhz bu səbəbdən bizim məktəblərimizin maddi-texniki bazaları gücləndirilir. Bu gün sevindirici haldır ki, ali məktəblərə daxil olan tələbələrin əksəriyyəti rayonlarda, ucqar kəndlərdə təhsil alanlardır. Onlar arasında 700 bal toplayan tələbələr az deyil. Bütün bunlar onu göstərir ki, hökumət təhsil sahəsinə necə xüsusi diqqət ayırır.

Təhsil hər bir dövlət üçün prioritet məsələdir, çünki istənilən sahənin təməli təhsildən başlayır. Gənclərimiz ali məktəbi bitirdikdən sonra nəinki ölkədə, hətta xarici ölkələrin aparıcı universitetlərində öz təhsillərini davam etdirirlər. Beləcə onlar ölkə təhsilinin səviyyəsini dünya ölkələrində qazandıqları layiqli postlarla da təmsil edirlər”.

K.Əliyeva onu da əlavə edib ki, Azərbaycanın oturuşmuş mükəmməl qanunvericilik bazası var:

“Azərbaycanda “Təhsil haqqında” Qanun qəbul edilib və bu qanundan irəli gələn bütün öhdəliklər aidiyyəti qurumlar tərəfindən yerinə yetirilib. İstər məktəbəqədər, istər ümumi, istərsə də peşə təhsili haqda qanun layihələri ilə yanaşı, bu gün “Ali təhsil haqqında” Qanun layihəsi üzərində işlər gedir.

Qanunvericilik baxımından da bizim mükəmməl bazamız var. Təhsil ilə bağlı bir sıra dövlət proqramları da hazırlanıb. Bunlar azərbaycanlı tələbələrin xarici ölkələrin ən reytinqli universitetlərində təhsil almaları və ixtisaslarına daha da peşəkarlıqla yiyələnmələri üçün təkan rolu oynayır”.

Könül Cəfərli

Mubariz-Kesikde.org.az

Spread the love