Dünya Azərbaycanlılarının Zəfər Qurultayı sonrası düşüncələr – FOTO

Siyasət

Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məzmunlu çıxışı böyük maraqla qarşılandı. Tarixi tədbirdən cəmi bir neçə gün ötməsinə baxmayaraq dünyanın hər yerindən dövlət başçımızın çıxışına müsbət reaksiyalar gəlməkdədir. Bu məsələyə ilk töhfəsini verənlərdən biri də isveçli rejissor Mikael Silkeberqdir. Mikael Silkeberq İsveçdə yaşayan soydaşımız rejissor Rahim Sadıqbəyli ilə Zəfər Qurultayından dərhal sonra Şuşaya səfər etdi. Məhz Dünya Azərbaycanlılarının Qurultayına toplaşan soydaşlarımızın nəfəsi hopan Şuşanı qarış-qarış gəzərək filmin epizodlarını lentə aldılar.

Onları yaxından tanıdığıma görə, deyə bilərəm ki, Şuşada çəkilən bu yeni film həm UNESCO-da, həm də digər beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa mediasında həqiqətlərin dolğun çatdırılmasına xidmət edəcəkdir. Xatırladım ki, Mikael Silkeberq ötən ilin oktyabrında isveçli həmkarları ilə Şuşaya, Ağdama, Füzuliyə və Bərdəyə səfər edərək təəssüratları əsasında sərgi üçün fotolar çəkdilər. 

Onun fotolarını müşayiət edən məqalə babasının Odessadan İsveçə köç etməsini, şuşalıların öz vətənlərindən 30 ilə yaxın müddətdə didərgin salınmalarının oxşar cəhətlərini sanki ifadə edirdi. Mikaelin yazılarında sıldırım qayaların üzərində 270 il öncə salınan Şuşa şəhərinin ecazkar mənzərəsi ustalıqla təsvir olunub. Şuşanın təbiətinə yaraşıq verən Xarı Bülbül gülü, Cıdır düzünü bürüyən şeh, daşların cingiltisi, bu möcüzəli məkana yaraşıq verirdi.

Məqaləni aramla oxuyan rejissor Rahim Sadıqbəyli əcnəbi həmkarının incə təsvirinə heyranlığını gizlədə bilmirdi.

Yazılan məqalənin xaricdə rezonansını da yaxşı xatırlayıram. Müəllifin Stokholmun mərkəzində təqdim olunan foto-sərgisi Diasporla İş üzrə Dövlət Komitəsi və İsveç Krallığındakı Azərbaycan Səfirliyinin dəstəyi ilə ərsəyə gəlmişdi. Çoxsaylı ziyarətçilərin heyranlıqla sərgiyə gəlməsi Nobel qardaşlarının Bakı həyatından sonra yeni bir mərhələnin Mikael Silkeberq yaradıcılığının Azərbaycana töhfəsi sayıla bilər.

Görəsən, Mikael Silkeberqın Azərbaycana, Şuşaya vurğunluğu nə ilə bağlıdır? Sadə dildə desək, yəqin multikultural tolerant mühitlə. Həm də Azərbaycan incəsənətinin beşiyi olan Qarabağın incisi Şuşanın cazibədar qüvvəsi ilə. Eləcə də ermənilərin vandal hərəkətlərini təsdiqləyən günahsız büstlərə və abidələrə atdıqları güllələrlə. 

Düşünürəm, bu filmin çəkilişindən sonra amerikalı publisist Tomas Qoltzun, tar və kamançanı ustalıqla ifa edən Cefri Verbokun qarabağlı qaçqın xanəndə uşağı axtarıb taparaq lentə aldığı filmin davamı Şuşada təntənə ilə yekunlaşacaq. Filmin tərtibatçılarından biri Azərbaycan-Norveç Dostluq Cəmiyyətinin prezidenti Qivami Rəhimlinin və Azərbaycan musiqi alətlərinin vurğunu olan Cefri Verbokun ulu öndər Heydər Əliyevlə görüşündə Şuşada muğam məktəbinin bərpası arzusu yəqin ki, gerçəkləşəcək. Çünki Şuşa artıq azaddır!

Vaxtilə Azərbaycanda “Xarı Bülbül” festivalında iştirak edən “Xoro la Faita” ansamblının İtaliyanın Gavardo şəhərində yubiley tədbirinə qatılmışdım. 1991-ci ilə təsadüf edən yubileydə italyan dilində təqdim olunan “Xarı Bülbül” festivalı haqqında kitabı qürurla qarşıladım. Düşünürəm, azad Şuşada 30 il sonra həmin kitabın təqdimatı da maraqlı olardı.

Mikaelin Şuşaya səfərinin səbəbi bəlkə də 1897-ci ildə doğulan Mikayıl Allahverdi ilə adının oxşar olmasıdır. Çünki onun taleyi Şuşadan Almaniyanın Braunşveyq şəhərinə gedən uzun bir məsafə ilə yadda qalıb.

Braunşveyq şəhərində tanınmış həkim Mikayıl Allahverdinin həyatına həsr olunan filmə avropalıların maraqla izlədiklərini alman həmkarlarımdan eşitmişdim.

Filmlə bağlı təəssüratını bölüşən Mikayıl Allahverdinin kiçik oğlu məşhur sosioloq professor Tilman Allert uşaqlıq xatirələrində deyərdi: atam xalça üzərində gəzdikdə “Mən Qarabağdayam” deyərək, dodaqaltı zümzümə edərdi. Alman anam heyranlıqla ifasına qulaq asaraq “Nə məlahətli səsi var!” deyərdi.

Sadaladığım təəssüratlar yəqin professor Tilman Allertin atasının xatirələrini gerçəkləşdirmək üçün ədalətli məqalə yazmasına səbəb olacaqdır.

Yəqin Şuşa ilə bağlı həm soydaşlarımız, həm də xarici qonaqlar məqalələr, kitablar yazacaq və filmlər lentə alacaqlar. Bir sözlə, Şuşanı tərənnüm edəcəklər.

Əminəm ki, Mikaella Rahimin yeni filmi Şuşadan Avropaya səs salacaq.

Alman-Azərbaycan Cəmiyyətinin sədri
Professor Çingiz Abdullayev 

Mubariz-Kesikde.org.az

Spread the love