Prezident: “Ağdamdan Xankəndiyə elektrik enerjisi və qaz verilə bilər”

Siyasət

“Biz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizi hər hansı enerji ilə təmin etmirik. Lakin Ermənistandan Xankəndiyə gələn qaz xətti bizim nəzarətimizdə olan ərazilərdən keçir”. 

102info.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

İlham Əliyevin sözlərinə görə, bir müddət əvvəl həmin qaz xəttində qəza olmuşdu və təəssüflər olsun ki, Azərbaycan humanitar böhran yaratmaqda ittiham edildi.

“Bu, yenidən ikili standartların nümayişi idi. Birinci Qarabağ müharibəsi başlayanda Ermənistan Azərbaycan ərazisi olan Naxçıvanın qazını kəsdi. Naxçıvan əhalisi 15 il qazsız qaldı, onlar təbii qaz olmadan yaşadılar. Lakin heç kim buna görə Ermənistanı humanitar fəlakət yaratmaqda ittiham etmədi”, – deyə Prezident əlavə edib.

Prezident daha sonra bildirib: “Bəs biz nə etdik? Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki qaz xəttini təmir etdik. Gələcəkdə nə olacaq? Bilmirəm. Əgər onlar (Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan erməniləri nəzərdə tutur – red.) bizim enerji resurslarımızdan istifadə etmək istəyəcəklərsə, düşünürəm ki, bu mümkündür, çünki daha asan və sərfəlidir. Ağdamdan Xankəndiyə elektrik enerjisi və qaz çatdırıla bilər”,  -deyə o əlavə edib.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love