Ceyhun Bayramovla rusiyalı diplomatın danışıqları: Nələr müzakirə edildi?

Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Rusiya nümayəndə heyətinin başçısı Mixail İvanoviç Petrakovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdən öncə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakovun başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr zamanı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, növbəti Xəzər Zirvə görüşünə hazırlıq, Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramovla görüş zamanı Xəzər məsələləri üzrə əməkdaşlıq, eləcə də delimitasiya və kommunikasiyaların açılması da daxil olmaqla, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin, ikitərəfli gündəliyin geniş spektrini əhatə edən məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

Mubariz-Kesikde.org.az

Spread the love