“Zerkalnı otvet” zamanı çatıb: Simonyanın riyakar əri, “Sputnik” və Bakıda paylanacaq “Georgi lentləri” – FOTO

Siyasət

Ukraynada davam edən müharibə fonunda Rusiya daxilindəki təbliğat maşını var gücü ilə həqiqətləri inkar etmək kursunu davam edir. Rusiyada sözügedən təbliğat maşınının əlaltıları həqiqət bir yana qalsın, obyektivliyə ən kiçik bir yaxınlaşmanı belə qəbul etmirlər, həmçinin digər ölkələrdə təbii olaraq cərəyan edən prosesləri də özləri üçün kəskin təhdid kimi qələmə verməyə çalışırlar.

Məhz sonuncu prosesin təzahürü kimi Rusiya gündəminə hər gün bir fəlakət dəllalı çıxır. Mövzu və istiqamətdən asılı olaraq gah Mixail Delyagin kimi siyasətçi qiyafəsinə bürünmüş, lakin siyasətdən bixəbər “deputat”lar, gah da Marqarita Simonyan, habelə onunla bir yastığa baş qoyan Tiqran Keosayan kimi əqidəsini və kimliyini mənfəətlərinə satmış, dilləri siyasətin iyrənc üzünün əksinə çevrilmiş propaqandaçılar çirkab dənizinin üzünə çıxırlar.

Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdən belə çəkinməyən arvadından sonra Tiqran Keosayan da cəfəng çıxışları ilə gündəmə gəlib. Keosayanın hədəfində isə Qazaxıstan, əslində Qazaxıstanın şəxsində həqiqətə zərrə qədər də olsa yaxınlaşmağa cəhd edən bütün dünya dayanıb.

Arvadı qədər hiyləgər olmasa belə, Keosayanın da dili ilanı yuvasından çıxarıb ona lənət oxutduracaq həddə çatdırmağa qadirdir. Propaqanda cütlüyünün erkək fərdi Qazaxıstanda 9 Mayla bağlı paradın ləğv edilməsini həzm edə bilməyib və dilinin altına gizlənmiş məkrli fikirlərini, xəstə təxəyyülünün məhsulu olan ideyalarını gün üzünə çıxarıb.

“Ukraynadakı hadisələri” nümunə göstərərək obyektivliyin cəzasının müharibə olacağına işarə vuran bu ifrat erməni öz xislətinin bütün iyrəncliklərindən maksimum istifadə qabiliyyətini ortaya qoyub.

Bəs maraqlıdır, Keosayan, Simonyan, Delyagin kimi əqidəsini üç qara quruşa satmağa hazır bu cür təbliğatçılara zəhər saçan ağızlarını bu dərəcədə açmaq cürətini verən nədir?

Hər cür xəstəliyin, infeksiyanın inkişafı bunun üçün münbit şərait yarananda mümkün olur. Sözügedən şəxslərin mahiyyəti və funksiyasını nəzərə aldıqda onların dəhşətli bir xəstəlik, sürətlə yoluxma potensialına sahib infeksiya xarakterində olduqlarını aydın müşahidə edə bilərik.

Bir halda ki bu gün Simonyan-Keosayan infeksiyası özünün pik həddinə yaxınlaşır, o halda demək olar ki, Rusiyada bu cür xəstəliklərə münbit şərait bilərəkdən kimlərsə tərəfindən yaradılır.

Burada əsas şərt isə yuxarıda qeyd etdiyimiz obyektivliyə dözümsüz yanaşma və hər vəchlə həqiqətin inkarıdır. Bu proses isə artıq uzun müddətdir, Rusiyada müşahidə olunur…

Məsələn, Rusiyada Azərbaycan saytlarının bloklanması bu prosesin əyani təzahürlərindən biridir. Yeri gəlmişkən, ötən gün daha bir Azərbaycan saytı – “Caliber.Az” da – öz obyektiv mövqeyini, bəşəri dəyərlərə verdiyi hörməti və ən əsası, həqiqət naminə mübarizəsini təsdiqlədi, bir sözlə, “Roskomnadzor”un blokladığı saytlar siyahısında öz yerini tapdı.

102info.az və Azərbaycanın digər bir neçə saytı kimi, “Caliber.Az” da dünya mətbuatının obyektiv mövqeyinə qoyulmuş blokun simvoluna çevrildi.

Burada isə məsələ yenidən Kremlin maraqlarının həqiqətlərlə uzlaşmamasından irəli gəlir. Yəni Rusiyadakı təbliğat maşını istənilən məsələni özünün gördüyü kimi gördürmək, eşitdirmək və yazdırmaq iddiasındadır. Bu dar çərçivəli “reallıq”dan kənara çıxmaq qəbulolunmazdır və “qayda pozuntuları”nın monitorinqi “Roskomnadzor” tərəfindən aparılır.

“Roskomnadzor”un, sadə dildə desək, gücünün yetmədiyi məsələlərdə isə Simonyan, Keosayan, Delyagin, Skabeyeva, Solovyov kimilər ön plana çıxırlar. Çünki “Roskomnadzor”un əli çatmayan yerlərə bu şəxslərin dili rahatlıqla uzana bilir…

İndi isə Rusiyada cərəyan edən proseslərin Azərbaycandakı təzahürlərinə dair digər məqamlara nəzər salaq. Məsələn, aprelin 30-da Bakıda “Georgi lenti” beynəlxalq aksiyasının keçirilməsi planlaşdırılır. Aksiya “Azərbaycanın Rus Gəncləri” Assosiasiyası tərəfindən Bakıdakı Rusiya Evinin dəstəyi ilə keçiriləcək. Aksiya çərçivəsində istənilən şəxs sözügedən lentləri pulsuz əldə edə biləcək.

Aksiyanın mahiyyəti, zamanı və məkanı əslində bir çox mətləblərdən xəbər verir. İlk növbədə bütün dünya üçün həssas bir dövrdə Rusiyadakı təbliğat maşınının var gücü ilə digər ölkələrə təzyiq göstərmək cəhdləri fonunda bu aksiyanın mahiyyəti sadəcə cəmiyyətdə qıcıq yaratmağa yönəlib və Rusiyanın bir növ kiçik “əzələ nümayişi” xarakteri daşıyır.

Bir digər məsələ isə aksiyanın təşkilatçılarıdır. Assosiasiyanın adına diqqət yetirək – “Azərbaycanın Rus Gəncləri”. Yəni (milliyyətindən asılı olmayaraq) Azərbaycana aid gənclər, Azərbaycan vətəndaşlarının təşkil etdiyi bir assosiasiya…

Belə olan halda isə Azərbaycan cəmiyyətində haqlı olaraq suallar yaranır: Milliyyəti rus olsa belə, bu gənclər Azərbaycanın maraqlarından çıxış etməli deyillərmi? Azərbaycan ərazisində azad və firavan yaşayan bütün xalqların ortaq mövqeyi ilk növbədə Azərbaycanın maraqlarına xidmət etmək deyilmi? Rusiya mətbuatında və bir sıra siyasi dairələrində Azərbaycana və digər ölkələrə qarşı çirkin çıxışların edildiyi, Azərbaycanda istisnasız obyektiv mövqe nümayiş etdirən kütləvi informasiya vasitələrinin “Roskomnadzor” tərəfindən bloklandığı dövrdə Bakıda “Georgi lentləri”nin paylanması təşəbbüsü Azərbaycanın rus milliyyətli gənclərinin ağlına necə gələ bilər? Buna hansı zərurət, hansı tələbat görülüb ki, sözügedən gənclər bu addımı atmaqdan çəkinməyi belə ağıllarına gətirməyiblər?

Bəlkə, məsələnin arxasında başqa məqamlar dayanır və ya sözügedən assosiasiya üzərində yad təsirlər mövcuddur? Bu yad təsirlər Azərbaycan cəmiyyətinin sinir uclarına təsir göstərərək cəmiyyətimizdə qıcıq yaratmaqda maraqlıdır?

Hər halda hesab edirik ki, Azərbaycan vətəndaşlarının öz dövlətinin maraqlarından çıxış etmələrini gözləmək və bunu tələb etmək də hər birimizin ümdə vəzifəsidir.

Keçək məsələnin başqa tərəfinə – Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin məsələlərə münasibətinə. Yəqin ki, “Georgi lenti” aksiyası barədə elan daha bir obyektiv sualın peyda olmasına əsaslı zəmin yaradır. Bu prosesdə Rusiya səfirliyinin iştirakı hansı səviyyədədir? Ancaq Rusiya XİN-in dünyanın bir çox ölkəsində “Georgi lenti”nin qadağan olunmasını qlobal fəlakət, bəşəri cinayət kimi səciyyələndirməsini nəzərə aldıqda, Bakıdakı aksiyada Rusiya səfirliyinin birbaşa maraqlı olduğunu düşünmək məntiqli deyilmi?

Bir daha xatırladaq ki, Bakıdakı Rusiya səfirliyinin vəzifəsi təkcə öz dövlətinin maraqlarını təmin etməkdən ibarət deyil. Səfirlik həm də Azərbaycan ictimaiyyətində yaranmış narazılıqları təhlil etməli və Moskvadan müvafiq düzəlişlərin edilməsini tələb etməlidir. Ancaq Rusiya səfirliyi hətta Azərbaycan mətbuatının ona ünvanlanmış xoşməramlı açıq məktubuna belə, reaksiya vermək istəmədi. Rusiya səfirliyi Azərbaycan mətbuatının haqlı fikirlərini görməzdən gələrək, “Roskomnadzor”un əsassız qərarlarının Azərbaycanda yaratdığı narazılığı Kremlə çatdırmaq missiyasını öz üzərinə götürməyi belə düşünmədi…

Azərbaycanda Rusiyanın kütləvi informasiya vasitələrinə hər-hansı bir məhdudiyyət tətbiq olunmur. Qarabağa Rusiyanın adından həyasızlıqla ərazi iddiası irəli sürən Marqarita Simonyanın çıxışına da, Azərbaycanın neft infrastrukturuna zərbə endirmək istəyən M.Delyagin kimi şovinist “siyasətçi”nin fikirlərinə də baxmaq imkanı mövcuddur. Mətbuat kimi, Azərbaycanda fikirlər də azaddır və hər bir azərbaycanlı bu cür xəstə fikirlərdən müvafiq nəticə çıxarmağı yaxşı bacarır.

Azərbaycanda nəinki sözügedən xəstə fikirləri, hətta birbaşa təbliğat maşınının sifarişlərini icra edən, Rusiya təbliğat maşınının orbitində var-gəl edən spruta bənzər “Sputnik”ə, onun Azərbaycan versiyasına qarşı da heç bir məhdudiyyət tətbiq olunmayıb. Baxmayaraq ki, bunun üçün kifayət qədər əsaslar mövcuddur. Hətta azərbaycanlı sosial şəbəkə istifadəçiləri “getoutSputnikAZ” həştəqi ilə etirazlarını bildirməyə də başlayıblar.

Bütün bunlar isə artıq müvafiq addımların atılmasını zərurətə çevirir. Çünki istənilən xəstəliyə və ya infeksiyaya uyğun müalicə tətbiq olunmalıdır. Bir halda ki, sözün əsl mənasında erməni olan Simonyan, onunla bir yatağı bölüşən Keosayan və onlar kimi onlarla əldəqayırma təbliğat aləti özbaşınalıqlarına son qoymur, “Roskomnadzor” qanunsuz qərarlarında israr edir, “Sputnik” Kremlin maraqları ətrafında ellips cızır, o zaman bu cür infeksiya xarakterli kampaniyaya düzgün diaqnoz qoymağın, rusiyalı propaqandaçıların çox sevdiyi həmin o “zerkalnı otvet”i verməyin vaxtı da gəlib çatıb.

Kim bilir, bəlkə də, “102info.az”, “Caliber” və digər Azərbaycan saytlarının məruz qaldığı senzura siyahısına cavab olaraq “Sputnik”ə çoxdan layiq olduğu cəzanı vermək bu çirkin kampaniyaya ağır zərbə olacaq? “Roskomnadzor”da oturub, obyektiv mövqeyə qənim kəsilənlərin gözünü açacaq? Rusiya səfirliyi üçün həyəcan təbilinə çevriləcək? Əsassız və iyrənc kampaniyanın Azərbaycan ictimaiyyətində doğurduğu ikrah hissinin Moskvada kimlərsə tərəfindən fərqinə varılmasına gətirib çıxaracaq? Hər halda yoxlamadan bilmək olmaz…

Rusiyada müttəfiqi olan Azərbaycana qarşı bu cür yanaşma qəbuledilməz haldır. Mənşəyi və milliyəti kim olur-olsun, Azərbaycana qarşı bu cür çıxışları yatırtmaq Kremlin öz marağında olmalıdır. Çünki Azərbaycanın özünümüdafiə mexanizmləri hər zaman istənilən məsələlərə həssas yanaşır və bu misalda ədalət tamamilə Azərbaycanın tərəfindədir.

Azərbaycan istənilən halda təxribatlara müvafiq cavab vermək hüququnu əlində saxlayır. Bu işdə öncül “Sputnik” ola bilər, bunu biz yox, “Sputnik”in fəaliyyətinin özü deyir. Rusiyadakı təbliğat tullantılarının ağzını yummaq isə Kremlin öz öhdəliyinə çevrilməlidir.

Azərbaycan xalqı, onun hər zaman obyektivliyini qoruyub-saxlamış cəmiyyəti artıq bu çirkin kampaniyanın təzahürlərinin aradan qaldırılmasını gözləyir. Bu istiqamətdə şimal qonşumuzda müvafiq addımlar atılmazsa, Azərbaycan dövlətinin öz maraqları naminə müvafiq addımları atacağından da heç bir azərbaycanlının şübhəsi yoxdur…

Orxan Tağıyev

Mubariz-Kesikde.org.az

Spread the love