Rusiya-Ukrayna müharibəsinin yaratdığı “qara dəlik”: Qlobal teatr üçün üç versiya – TƏHLİL

Siyasət

Qlobal güclərin ideya generatorlarını və dünyanın beyin mərkəzlərini ən çox bir şey düşündürür: Görəsən, Rusiya-Ukrayna müharibəsi necə nəticələnəcək?

Burada məsələyə sırf Rusiyanın təcavüzünün Ukraynanın coğrafi mənzərəsini necə dəyişdirəcəyi meyarları ilə yanaşılmır və daha geniş rakursdan perspektivin xəritəsi yaradılır.

Yəni Ukraynadakı müharibədən sonra hansı nəticələrin hasil edilməsi istiqamətində işlər gedir və bu, çoxqütblü siyasi nizamın sahiblərini və həmin qütblərin işığı altında toplanan dövlətləri yeni-yeni strateji ideyalara təhrik edir.

Rusiya-Ukrayna münaqişəsi mövcud qlobal intizamı anlaqsız vəziyyətə gətirir, ona görə də Ukraynadakı son duruma nəzər yetirdikdən sonra qaranlıq gələcəyə dair fikirlərimizi yaza bilərik.

Rusiya-Ukrayna müharibəsinin cari mərhələsində rus qoşunları Ukraynanın şərqində irəliləmək üçün imkanlarını artırırlar. Rusiya İzyum cəbhəsində kiçik irəliləyiş əldə edib və buraya taktiki raket bölmələri yerləşdirib. Yəqin ki, indi Rusiyanın məqsədi İzyumdan qərbə doğru irəliləməkdir.

Mariupolda, Azovstal zavodunda Ukrayna hərbçilərinin müqaviməti davam etsə də, liman şəhəri Rusiyanın nəzarətindədir. Rusiya Xerson vilayətini bütövlüklə ələ keçirmək üçün yeni əməliyyatlara hazırlaşır.

Bütün bunlar yedəyinə Moldova amili, Dnestryanı münaqişəni alır ki, bu da həm Moldovanın, həm Ukraynanın, həm də Avropanın – ümumilikdə bəşəriyyətin taleyini “qara dəliyə” doğru itələyir.

Qarışıq və mürəkkəb situasiyada müharibənin necə bitəcəyi, ondan sonra nələr olacağı barədə bir neçə variant ortaya çıxır.

Birinci versiya: Ukraynanın təkbaşına Rusiyanı həlledici məğlubiyyətə düçar edəcəyi ehtimalı zəifdir, ona görə də Qərb Ukrayna vasitəsilə Moskvanı dəhşətli məğlubiyyətlə üz-üzə qoymaq istəyir.

Rusiya da Ukraynanı həlledici kapitulyasiyaya məruz qoymaq planlarından əl çəkmir, qısası, tərəflərdən biri hədsiz üstünlüyə nail olmağı hədəfləyir. Bu isə müharibədən sonrakı tənzimləmədə diktəedici amilə çevriləcək.

İkinci versiya: Rusiya-Ukrayna müharibəsi üfüqi və şaquli eskalasiyanı gündəliyə gətirir. Üfüqi eskalasiya ssenarisində münaqişə daha çox ölkələrə yayılır, şaqulidə isə kütləvi qırğın silahlarından, nüvə silahlarından istifadə aktuallaşır ki, hazırda Rusiyanın yenidən nüvə təhdidinə əl atması həyəcan yaradır.

Üçüncü versiya: Rusiya-Ukrayna müharibəsində tərəflərdən birinin mütləq qələbəsi mümkünsüz görünür. Yəqin ki, müharibə elə bir sərhəddə dayanacaq ki, bu, mütləq qələbə elementlərindən uzaq olacaq. Çünki Qərb Ukraynanı silahlarla təmin edir və bu silahlar Rusiyanın hərbi əməliyyat planlarını sarsıdır.

Rusiyanın nüvə silahından istifadəsinə gəlincə, bu, iki halda mümkündür:

1. Rusiyanın öz ərazisinə genişmiqyaslı hücum olarsa və ya strateji obyektlərinə intensiv atəş açılarsa,

2. Ukraynadakı müharibədə məğlub olarsa.

Hələlik Rusiyanın nüvə bombalarını işə salması üçün zəmin yoxdur.

Cari situasiya ən çox münaqişənin başqa ölkələrə sıçramaq versiyasını güclü edir.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love