Aviqdor Liberman: “İsrail investorlarının Azərbaycana marağını görürük və bunu təşviq edəcəyik” – MÜSAHİBƏ

Siyasət

Biz İsrail investorlarının Azərbaycana real marağını görürük və bunu təşviq edəcəyik.

Bunu Trend-ə özəl müsahibəsində Azərbaycanda səfərdə olan İsrailin maliyyə naziri Aviqdor Liberman deyib.

Nazir bildirib ki, onun səfəri İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edib.

“30 ilə az iş görülməyib. 1997-ci ildə Heydər Əliyevlə görüşü xatırlayıram. Deməliyəm ki, bu günədək onun uzaqgörənliyi və müdrikliyinə heyrətlənirəm. O, sanki bu münasibətləri əvvəlcədən proqnozlaşdıra bilirdi. Heydər Əliyev ikitərəfli münasibətlərin potensialı və qarşılıqlı səmərəsini dəqiq qeyd edən ilk şəxs olub. O zaman bu xəritə cızıldı və mən şadam ki, Prezident İlham Əliyev bu münasibətlərə yeni təkan verərək bu prinsipial kursu davam etdirir. Bu gün bizim ikitərəfli münasibətlərimiz çox dinamik inkişaf edir. Üç həftə əvvəl turizm naziri Azərbaycana gəlmişdi, iki həftə sonra kənd təsərrüfatı naziri və ümid edirəm ki, bir aydan sonra İsrail prezidenti səfər edəcək. İsraildə Azərbaycanın ticarət və turizm nümayəndəliyi açılıb”, – A.Liberman deyib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji daşıyıcıları sahəsində sıx əməkdaşlıq qurulub və energetika, kənd təsərrüfatı sahələrində birgə layihələrin reallaşdırılması imkanı nəzərdən keçirilir.

“Əməkdaşlığımız şübhəsiz ki, həm iqtisadiyyatın, həm də dövlətlər arasında insani və diplomatik əlaqələrin inkişafına xidmət edir. Hansısa nəticəyə gəlmək hələ ki, tezdir, biz müəyyən addımları yeni-yeni müəyyənləşdirmişik. Mən öz həmkarım, maliyyə naziri ilə, həmçinin, iqtisadiyyat naziri və bir sıra yüksək vəzifəli şəxslərlə görüşmüşəm. Biz Maliyyə Nazirliyində kibertəhlükəsizlik, maliyyə təşkilatlarının haker hücumlarından qorunması və digər məsələlər barədə danışmışıq. Çox sayda məhsuldar danışıqlar keçirdik və ümid edirəm ki, bunun nəticələrini görəcəyik. Biz çox perspektivli inkişaf planları müəyyənləşdirmişik, konkret nəticələr əldə olunandan sonra bu barədə danışacağıq”, – deyə nazir bildirib.

A.Liberman qeyd edib ki, İsrail Asiya İnkişaf Bankına (AİB) qoşulma sahəsində Azərbaycanın köməyini qiymətləndirir.

AİB çərçivəsində əməkdaşlıq perspektivlərinə gəldikdə isə nazir bildirib ki, ilk növbədə, birgə layihələrin maliyyələşdirilməsi üçün imkanlar mövcuddur.

“Biz İsrail biznes ictimaiyyətinin Azərbaycana investisiyalara real marağını görürük və bunu təşviq edəcəyik. Lazım gələrsə, dövlət təminatı, kreditlər verəcəyik. Biz, ilk növbədə, İsrail biznesinin Azərbaycana daxil olmasında maraqlıyıq və istənilən bu cür təşəbbüsü tam dəstəkləyirik, bunun üçün imkanlar mövcuddur. İsrailli investorlar üçün Azərbaycan iqtisadiyyatında ən cəlbedici sahələr su təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı və bir çox digər sahələrdir. Şübhəsiz ki, turizm də perspektivli əməkdaşlıq sahəsidir. İsrailli turistlərin Azərbaycana axını yenidən başlayıb. Ümid edirəm ki, bu üç sahə – kənd təsərrüfatı, su təsərrüfatı və turizm həqiqətən işləyəcək”, – nazir deyib.

İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində layihələrdə fəal iştirakını vurğulayan nazir bildirib ki, Qarabağ ilk növbədə kənd təsərrüfatı, südçülük təsərrüfatının inkişafı və bir sıra digər sahələr baxımından perspektivli bölgədir.

“Biz, əlbəttə ki, fəal iştirak edəcəyik və mənə elə gəlir ki, hazırkı mərhələdə əsas sahələr kənd təsərrüfatı, su təsərrüfatıdır. Ümid edirəm ki, kənd təsərrüfatı nazirinin səfəri zamanı konkret sənədlər imzalanacaq, konkret planlar müəyyənləşdiriləcək”, – A.Liberman deyib.

Cənubi Qafqazda möhkəm sülh perspektivlərinə gəldikdə, nazir Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yolunda əldə olunan irəliləyişi xüsusi qeyd edib.

“Həmişə müharibə etməkdənsə, danışmaq daha yaxşıdır. Bu, daha perspektivlidir və bütün dövlətlərin xeyrinədir. Biz bu razılaşmaları, bu irəliləyişi alqışlayırıq, ümid edirik ki, sülh müqaviləsi imzalanacaq və bu, təkcə Azərbaycanla Ermənistanın deyil, bütün regionun xeyrinə olacaq. Biz bunda bütün dünya ictimaiyyəti üçün müəyyən müsbət siqnallar görürük ki, razılığa gəlmək, siyasi həll yollar tapmaq və ən əsası müharibə və münaqişələrin deyil, iqtisadiyyatın inkişafına töhfə vermək olar. Bu, indiki qeyri-stabil dünyada çox müsbət siqnaldır. Biz görürük ki, Rusiya və Ukrayna sərhədində, Yaxın Şərqdə, Əfqanıstanda nələr baş verir”, – nazir bildirib.

Mubariz-Kesikde.org.az

Spread the love