Rusiya XİN: “Zaqafqaziya üzrə “3+3” platformasının ikinci iclasına hazırlıq gedir”

Siyasət

Zaqafqaziya üzrə “3+3” platformasının ikinci iclasına hazırlıq işləri gedir və eyni zamanda tərəflərin razılığı ilə Gürcüstan üçün “qapılar” açıqdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü departamentin direktoru (MDB ölkələri üzrə) Denis Qonçar məlumat verib.

Onun sözlərinə görə, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə “3+3” regional konsultativ platformasının ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi Tbilisinin regional konsultativ mexanizmdə iştirakdan imtina etdiyini təsdiqləmişdi.

“Hazırda “3+3” Konsultativ Regional Platformasının ikinci iclasına hazırlıq gedir. Tədbirin keçirilmə yeri və vaxtı barədə açıqlama veriləcək”, – deyə Qonçar qeyd edib.

“Mən əminəm ki, “3+3”-ün müəyyən olunmuş gündəmi Gürcüstanın maraqlarına da tam olaraq cavab verir və Gürcüstan üçün “qapılar” bütün iştirakçı ölkələrin ümumi razılığı ilə açıq qalır”, – deyə diplomat vurğulayıb.

Qonçarın sözlərinə görə, “3+3” üzrə prioritet istiqamətlər olaraq ticarət, energetika, sənaye, innovasiya texnologiyaları, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Mənbə: RİA Novosti

Mubariz-Kesikde.org.az

Spread the love