Zəngilandakı hadisə: “Erməni hərbçi sorğu-sualdan sonra bütün məsələləri ortaya qoyacaq” – MÖVQE

Siyasət

“Ermənistanın dövlət sərhədində təxribat törətməsi məqsədyönlü xarakter daşıyır”.

Bunu 102info.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində baş verən insidentə münasibət bildirərkən deyib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, hadisə aprel ayının 23-də Zəngilanda olub.

Belə ki, dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan ordusunun təxribat-diversiya qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib.

Dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu hadisə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşması istiqamətində aparılan danışıqlara zərbə vuran amil kimi qiymətləndirilir.

Arzu Nağıyev hesab edir ki, sərhədlə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisindəki təxribatlar motivinə görə fərqlənir.

“Məlumdur ki, Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyurlar. Əgər hər-hansı əks-hərəkət olarsa, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi müraciət ünvanlaya bilər. Bu, Ermənistanın sınanılmış metodlarından biridir”, – deyə Arzu Nağıyev bildirib.

Millət vəkili qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin bəyanatı isə cəfəngiyyatdır.

“Necə ola bilər ki, dislokasiya yerindən posta gedən yolda erməni hərbçi yoxa çıxsın? Aydındır ki, Ermənistanın rəsmi açıqlaması cəfəngiyyatdır. Diversant kimi yaxalanan erməni hərbçi də, məlum məsələdir ki, sorğu-sualdan sonra bütün məsələləri ortaya qoyacaq”.

Arzu Nağıyevin fikrincə, Ermənistanın təxribatı sülh müqaviləsinin imzalanmasına maneə törədən faktordur.

“Hazırda iki ölkə arasında Birgə Sərhəd Komissiyasının aprel ayının sonuna qədər yaradılması nəzərdə tutulur. Bu, praktiki yaxınlaşmadır, Ermənistan isə həmin razılaşmalara zərbə vurur. Baş verənlərin birbaşa məsuliyyəti Ermənistan tərəfindədir”, – deyə Arzu Nağıyev fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Mubariz-Kesikde.org.az

Spread the love