Dünya Azərbaycanlılarının V Qurultayı və yaxud da Zəfər Qurultayı xalqımızın tarixində xüsusi əhəmiyyətə malik hadisədir

Siyasət

Dünya Azərbaycanlılarının Qurultayı — Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbirdir.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.
Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.Prezidenti İlham Əliyev çıxışında “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir.Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər” deyib.
Dünya Azərbaycanlılarının V Qurultayı və yaxud da Zəfər Qurultayı xalqımızın tarixində xüsusi əhəmiyyətə malik hadisədir. Dünyanın harasında yaşamağından asılı olmayaraq Qarabağ dərdi hər bir azərbaycanlının qəlbində sağalmaz bir yara idi. Qarabağ həsrəti ürəyində dünyalarını dəyişən soydaşlarımız var. Şuşadan, Qarabağdan bir ovuc torpağı, bir damla suyu illərdir dünyanın müxtəlif ölkələrində özləri ilə daşıyan həmvətənlərimizin sayları az deyildir. Müxtəlif tədbirlərdə, görüşlərdə Qarabağın işğalı ilə bağlı məğrur xalqımızın nümayəndələri gözləri kölgəli, başları aşağı olardılar. İndi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun sayəsində Qarabağ və Şuşa azad olunub. Dünya Azərbaycanlılarının ölkəmizdə toplantılar keçirməsi artıq ənənəyə çevrilib. Lakin tarixdə ilk dəfə bu qurultay Bakıdan kənarda keçirilir. Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı kimi dünyada yaşayan həmyerlilərimizə öz qollarını açır. 270 illik yubileyini qeyd edən qədim Şuşa dünyanın 65 ölkəsindən 400-dən çox həmyerlimizin Füzuli hava limanından Zəfər yolu ilə gəlməsi dünya tərəfindən müharibə həqiqətlərinin bir növ tanıdılmasına xidmət edən növbəti addımdır. Müzəffər Ali Baş Komandanın Qurultayda çıxışı və dəqiqələr boyunca ayaqüstə alqışlanması sübut edir ki, cənab İlham Əliyev nəinki Azərbaycanda yaşayan azərbaycanlıların, hətta bütün dünya azərbaycanlılarının tək və əvəzolunmaz Lideridir.
Qeyd edək ki, Qurultayın məqsədi postmünaqişə reallıqlarında Azərbaycan diasporunun qarşısında duran vəzifələrin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilmə- sidir. 2020-ci ildə Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə Azərbaycan diasporunun qarşısında duran vəzifələr də dəyişib. Əgər İkinci Qarabağ müharibəsinədək xarici ölkələrdəki diaspor təşkilatlarımızın torpaqlarımızın işğalı, Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılması idisə, bu gün əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizdə qarşıya çıxan problemlərin, şəhərlərimizin işğal dövründə yerlə-yeksan edilməsinin, Azərbaycanın maddi-mədəni və dini irsinin vandalizmə məruz qalmasını beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.
Bir daha bizə qarşı təhlükə və təhdidlərin olması yenidən dəmir yumruğu hərəkətə gətirə bilər. Dünyanın harasında yaşamasından asılı olmayaraq vətənin bütövlüyü uğrunda bir amalla yaşamalıyıq. Öldü var, döndü yoxdur! Necə ki, şəhidlərimiz bunu öz canları, öz qanları ilə dünyaya göstərdilər. İndi bizlər, dünyada yaşayan və qəlbi Azərbaycanla döyünən hər kəs müharibə reallıqlarının dünyada qəbul olunması üçün çalışmalıdır. Biz müharibədən ötən 2 il ərzində dünyaya sübut edə bilmişik ki, Şuşa, Qarabağ Azərbaycandır! İndi isə dünyada yaşayan hər bir soydaşmız yaşadığı ölkədə, o ölkənin öz dilində aktiv təbliğat vasitəsinə çevrilməlidir.İndi diaspormuzun qarşısında yeni hədəflər, yeni çağırışlar dayanır. Müharibədən sonra yaranmış, tərəfimizdən yaradılmış reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspormuzun üzərinə böyük öhdəliklər düşməkdədir.
Qurultayda Prezidentin Azərbaycan tarixinə, torpaqlarımızın müxtəlif dövrlərdə Ermənistana birləşdirilməsinə faktlarla, sübutlarla münasibət bildirməsi diaspormuzun qarşısında olan yeni hədəfləri də müəyyənləşdirmiş oldu. Cənab Prezidentin “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq” deməsi həm də ölkəmizə düşmən mövqedə olanlar üçün çox vacib və nəticə çıxarılmalı ismarıclardır.
Beləliklə, dünya azərbaycanlıları bu dəfə Şuşada toplaşdı. Ona görə bu tədbirin böyük rəmzi mənası var. Çünki Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, Liderliyi, düşünülmüş və qətiyyətli siyasəti sayəsində torpaqlarımızın işğaldan azad olunması bu reallığı mümkün etdi.Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdusa, Şuşa Qurultayı ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın müasir siyasi qüdrətinin dünyaya nümayiş etdirilməsi kimi həkk olundu.
Şuşa Qurultayı dünya Azərbaycanlılarının birliyi və həmrəyliyinin, mütəşəkkilliyinin daha da möhkəmlənməsində və təşkilatlanmasında, xalqımızın vahid ideologiya ətrafında sıx birləşməsində mühüm rol oynayacaqdır.
Ona görə də Cənab Prezidentin vurğuladığı kimi qürur və iftixar hissi ilə deyə bilirik:
Yaşasın Şuşa!
Yaşasın Qarabağ!
Qarabağ Azərbaycandır!

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

Mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir