“Şuşa həm də siyasi mərkəzə çevrilir” – Deputat Aqil Məmmədov

Siyasət

“Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlıları Konqresinin V Qurultayının Şuşa şəhərində keçirilməsi həm Azərbaycan tarixinə, həm də diaspor tariximizə düşəcək çox önəmli, şərəfli hadisədir. Bu hadisə Azərbaycan xalqının düşüncəsində 44 günlük Vətən müharibəsindən sonra yaranmış qalib xalq fikrini daha da qüvvətləndirdi. Eyni zamanda, təkcə mədəni deyil, ictimai-siyasi tədbirlərin də Şuşada keçirilməsi onu göstərir ki, Şuşa həm də regionun siyasi mərkəzlərindən birinə çevrilir”.

Bu fikirləri Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

Millət vəkilinin sözlərinə görə 44 günlük savaş 50 milyonluq Azərbaycan xalqının birliyini də təmin etdi: “200 ildən artıqdır Azərbaycan xalqı dünyada bölünmüş xalqlardan biri sayılır. Birinci Qarabağ müharibəsi illərində də xalqımız arasında birlik, həmrəylik ideyaları zəif idi. Siyasi çaxnaşmalar, daxildə hərc-mərclik bəzi hallarda vətəndaş müharibəsi təhlükəsinə gətirib çıxarmışdı. Ölkəmizdə bərqərar olan sabitlik Azərbaycan xalqının həmrəyliyini gücləndirdi. Dünyada yaşayan azərbaycanlılar özlərini bu ölkənin bir parçası hiss etməyə başladılar. Biz bu həmrəyliyin, vəhdətin nəticəsini 44 günlük mühabirə boyunca gördük. Dünyanın ən müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycan dövlətinin, ordumuzun, Ali Baş Komandanın yanında dayanaraq ideoloji, informasiya savaşında öz sözlərini dedilər. Bu baxımdan, bu gün deyə bilərik ki, qazanılmış qələbədə və bu qələbənin dünyaya qəbul etdirilməsində diasporumuzun da öz payı var”.

Prezident İlham Əliyevin qurultaydakı çıxışı haqda danışan A.Məmmədov qeyd edib ki, ölkə başçısı diaspor fəalları qarşısında yeni vəzifələr müəyyən edib: “Bunlardan biri odur ki, müharibə, münaqişə başa çatsa da, informasiya və diplomatiya sahəsində mübarizə davam edir. Ona görə də hər an ayıq-sayıq olmalı, mübarizəni davam etdirmək lazımdır. Bu gün Ermənistanla aparılan danışıqlar prosesini və əldə edilən razılaşmaları pozmaq üçün bir sıra xarici müdaxilələr sezilməkdədir. Bu baxımdan, xaricdə yaşayan azərbaycanlılar beynəlxalq dairələr qarşısında bu məsələlərlə bağlı prinsipial məsələlər qaldırmalıdırlar ”.

Azərbaycan dilinin öyrənilməsi və qorunması ilə bağlı Prezidentin diaspor fəallarına tövsiyələrini xatırladan millət vəkili bildirib ki, dilimiz xalqımızın birliyinin əsas simvollarından birincisidir: “Ona görə ümid edirəm ki, xaricdə yaşayan azərbaycanlılar bu tövsiyəyə həssas yanaşacaqlar və övladlarının ana dili mükəmməl öyrənməsinə xüsusi diqqət ayıracaqlar ”.

Eltac Zülfüqaroğlu

Mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.