Xalqın özünüdərkində ana dili amili

Siyasət


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz dərin zəkası və biliyi, təcrübəsi ilə ana dilinin hər bir xalqın tarixində, onun özünüdərkində əvəzsiz rola malik olduğunu dərindən bilirdi. Məhz buna görə qeyd edirdi ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”.
Azərbaycana birbaşa rəhbərlik etdiyi ilk günlərdən başlayaraq öz həmvətənləri ilə ana dilində danışan, bu dilin möhtəşəmliyini imperiya əsarətində qalan xalqımıza duyurmaq üçün bütün imkanlarını ortaya qoyurdu. Bunun nəticəsi olaraq 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ümummilli Liderimiz Heydər Əliyevin təklifi ilə 73-cü maddəni yenidən işləmək və onu “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” şəklinə salmaq təklif olunmuşdur. Ulu Öndərin bu uzaqgörən təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
“Hər bir xalq öz dili ilə yaranır” deyən Ümummilli Liderimizin Azərbaycan dilinə dövlət dili statusunun verilməsindəki danılmaz missiyası onun xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən biri və birincisi olan ana dilimizi böyük uzaqgörənlik və müdrikliklə qorumuşdur.
Ümummilli Liderimiz Heydər Əliyevin sonrakı dövrlərdə də ana dilimizə diqqəti və qayğısı böyük olmuş, məhz Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı təşəbbüs irəli sürülmüş və bununla da ana dilimiz Azərbaycan dili adlandırılmışdır.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ulu Öndərin imzası ilə 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
“Ana dilimiz Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” deyən Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Öz nitqində dilimizin təmizliyini və ecazkarlığını hər zaman göstərir.
Biz fəxr etməli və qürur duymalıyıq ki, Ulu Öndərimiz Heydər Əliyev yolunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev məhz ana dilinin xalqın özünüdərkində rolunu müdrikcəsinə duyur və ana dilimizin saflığının qorunmasını dövlət siyasətinin başlıca istiqamətlərində birinə çevirir. İşğaldan azad edilən yurd yerlərimizin adının qorunması və qədim tarixi adların yurd yerlərimizə qaytarılması işində Müzəffər Ali Baş Komandanın həyata keçirdiyi missiya Vətən tariximiz üçün çox böyük dəyərə malikdir.

Həbib Misirov,
YAP Kəlbəcər Rayon Təşkilatının sədri

Mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.