Rusiyada “casus ovu”: Beşinci İdarənin məqsədi, yanlış dəyərləndirmələr – ŞƏRH

Siyasət

Rusiyanın Ukraynaya müharibə elan etməsi illərdir toplanan kəşfiyyat məlumatlarına əsaslanırdı.

Ancaq görünür ki, bir zamanlar dünya kəşfiyyat sistemində özünəməxsus yer tutan, DTK-nın (“KQB”) varisi statusunda olan Federal Təhlükəsizlik Xidməti (FTX) əldə etdiyi məlumatların dəyərləndirilməsini yanlış aparıb.

Kəşfiyyat oyunları daha dərin və ağıllı gedişlərlə effektiv nəticə hasil edir, Rusiya Ukraynada təyin etdiyi müddətdə uğur qazana bilmədi, bu, ondan irəli gəlirdi ki, Qərb kəşfiyyatı Moskvanın strateji qərarlarına tıxac vura biləcək güclü imitasiyanı yarada bilirdi.

Rusiyanın hücumuna və planlarına dair Britaniya və ABŞ kəşfiyyatlarının operativ məlumatlara sahiblənməsi başqa mövzunu gündəmə gətirir – görəsən, Rusiya kəşfiyyatındakı casus kimdir?

Bu sualın cavabı qismən tapılıb, daha korrekt ifadə etsək, Rusiyanın hərbi-siyasi elitasına səpilən şübhə toxumları cücərərək əməlli-başlı böyüyüb. Qərb bu yöndə də Rusiyadan bir addım öndədir.

Hələ soyuq müharibə illərində Qərblə SSRİ arasındakı casus axtarışı yarışı gedirdi, bu ənənə bu gün də aktuallığını qoruyur.

FTX-nin idarə rəisi Sergey Besedanın həbs edilərək Moskvadakı Lefortovo həbsxanasına göndərilməsi də ələ alınmalara dair versiyaları gücləndirir.

Bəs niyə Beseda? Öncəliklə qeyd edək ki, Besedanın rəisi olduğu Xarici Kəşfiyyat İdarəsi FTX-nin Beşinci Bölməsi kimi tanınır. Bu idarə postsovet ölkələrində kəşfiyyat, əks-kəşfiyyat işi aparmaq üçün şəxsən Rusiya Prezidenti Vladimir Putindən mandat alıb. Məqsəd postsovet ölkələrini Beşinci Bölmə vasitəsilə Rusiyanın orbitində saxlamağa hədəflənib.

Besedanın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə qanuni şəkildə əlaqələndirici funksiyasının da olduğu haqqında məlumatlar mövcuddur, amma bu kuratorluq Ukraynadakı müharibənin gedişatında Besedanın başında çatlayan amillərdən birinə çevrilib.

Mümkündür ki, Besedanın həbsinin arxasında onun ABŞ və ya Britaniya ali kəşfiyyat orqanları ilə gizli əməkdaşlıq qurması dayanır. Yəni o, məlumat mübadiləsi prinsipi ilə deyil, məlumatları satmaq prinsipi ilə işləyib.  

Yayılan informasiyaların istiqaməti də belədir və məntiqli görünür.

Rusiya dövləti “çekist” Besedanın Qərb kəşfiyyatına sirr təşkil edən məlumatlar ötürməsindən ona görə şübhələnir ki, Kremlin planları Qərbin masasındadır. “Casus ovu” həmişə Rusiya siyasətində önəmli rola malik olub, indi isə bu “ov”un qurbanı Besedadır.

Putinin Besedaya qəzəbli olması ehtimalı doğru ola bilər, bunun bir səbəbini yuxarıda qeyd etdik.

İndi deyəcəyimiz versiyalar da Putinin Besedanı “təkərin altına” atmaq səbəbləri sırasında dayanır:

1. Beseda Ukraynada Kiyev hakimiyyətinə qarşı kremlpərəst müxalifət yarada bilməyib;

2. Əldə olunan kəşfiyyat məlumatları düzgün dəyərləndirmə aparmaq üçün həlledici pay sahibi olmayıb.

Putinin Besedanın işdən çıxarmaqla kifayətlənməyib, onu dəmir barmaqlıqlar arasında sorğu-suala göndərməsi isə “çekist”in Qərb tərəfindən “verbovka” olunmasına dair təəssüratlar yaratmaq üçündür.  

Bəs bu təsəvvürlər real məntiqə və həqiqi dəlillərə əsaslanır, yoxsa Rusiyanın Ukraynada düşdüyü vəziyyətə görə günahkar axtarışının davamıdır? Bunu dəqiq bilmirik…

Proqnoz səsləndirmək olar ki, ya zəlzələdən, ya da vəlvələdən, Rusiyada “çekist ovu” davam edəcək.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.