İlham Əliyevin çıxışındakı hərbi-siyasi hədəflər: Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq– TƏHLİL

Müharibə

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi.

Müşavirədə Prezidentin çıxışının hərbi-siyasi aspektlərinə diqqət çəkmək istərdik.

İlham Əliyevin müşavirədəki çıxışı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə dair praqmatik təkliflər üzərində qurulmuşdu və ATƏT kimi təşkilatların bu məsələdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi barədə çağırışlardan ibarət idi.

İlham Əliyevin çıxışındakı siyasi tezisləri belə qruplaşdıra bilərik:

– Artıq ATƏT də, elə onun mandat verdiyi Minsk Qrupu da Azərbaycanın Ermənistan üzərindəki qələbədən sonra yaratdığı reallığı qəbul edib.  

– Azərbaycan-Ermənistan əlaqələrinin yaranması üçün ali səviyyədə verilən bəyanatlarda münaqişənin bitdiyi vurğulanır və “Dağlıq Qarabağ” ifadəsinə yer verilmir.

– ATƏT bundan sonra konstruktiv mövqe ilə Azərbaycan-Ermənistan münasibətinin normallaşmasına töhfə verə bilər.

– Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini qəbul etdiyini deyib,

– Ermənistanın təcriddən çıxması və inkişafı, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır.

Bundan sonrakı proseslərin müsbət məcrada inkişafı həmin bu zəminlər üzərində inkişaf etməlidir, əks təqdirdə isə, Azərbaycan yenidən başqa təzyiq formullarını işə salacaq.

ATƏT-in Minsk Qrupunun de-fakto olaraq etibarsızlığı və yararsız olması onun hüquqi əsasını da sual altına qoyur, bu mənada ya həmsədrlər Azərbaycanın təklif etdiyi prinsipləri əllərində rəhbər tutaraq çəkici eyni nöqtəyə vurmalıdır, ya da özlərini bu format çərçivəsində prosesdən kənarda tutmalıdır.

ATƏT-in Minsk Qrupunun qərəzli yanaşmalarla fəaliyyətini Rusiyanın xarici işlər naziri Sergey Lavrov etiraf etmişdi, bu isə çürümüş həmsədrlik institutunun formatında dəyişikliyi aktual edir.

Bunun üçün iki variant mümkündür: ya həmsədrlik institutu özünün buraxıldığını elan etməlidir, ya da həmsədrlik kreslosunda əyləşən dövlətləri daha etibarlı dövlətlər əvəz etməlidir. Nəzərə alaq ki, Minsk Qrupunun 11 üzvü var (Rusiya, ABŞ, Fransa həmsədrdir), onun tərkibindəki Türkiyə və Almaniyanın həmsədrliyə gəlməsi daha praqmatik olardı.

Yəqin ki, kulislərdə bu cür müzakirələr gedir, reallaşması çətin məsələ olsa da, mümkünsüz deyil.

Azərbaycan Ermənistanın növbəti dəfə qeyri-konstruktiv fazaya keçəcəyi risklərini də hesablayır, bunu İlham Əliyevin istər əvvəlki çıxışlarında, istərsə də, müşavirədəki nitqində də görə bilərik.

Azərbaycan yeni dünya nizamı yaradılması istiqamətində aparılan amansız mübarizədə özünün müdafiə qabiliyyətini artırır və bunu postmünaqişə reallığının çərçivəsinin də fövqünə çıxarır.

İlham Əliyev müşavirədə Azərbaycanın hərbi potensialına da diqqət çəkməsi həmin mesajı özündə cəmləşdirir və perspektiv istiqamətləri göstərir.

Bu perspektivdə Azərbaycanın başqa ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi xətti dayanır, bu isə ölkəyə ən müasir silah və texnikaların idxalının davam etdirilməsini qaçılmaz edir.

Hərbi yöndəki digər istiqamət Azərbaycan ordusunun Türkiyə modelinə keçididir, bunun tərkib hissələrindən biri də xüsusi təyinatlı qüvvələrinin daha da təkmilləşdirilməsi və komando hərbi birliklərinin sayının çoxalmasıdır.

Azərbaycan ildən-ilə komando hərbi hissələrinin sayını artıracaq – İlham Əliyevin çıxışındakı bu məqamı Azərbaycanın müdafiə və təhlüləsizliyi üçün böyük işlər görüləcəyinin anonsu kimi qiymətləndirə bilərik.

Artıq minlərlə komando tam hazırlıqlı döyüşçü kimi hazırlanıb və hazırlanacaq.

Bununla paralel olaraq xüsusi təyinatlı qüvvələrin şəxsi heyətinin sayının artırılması hərbi məqsədlərdə dayanan hədəflərdəndir.

Komando hərbi birlikləri mümkün düşmənin taktiki, xüsusi təyinatlı qüvvələr isə strateji dərinliyinə sızmaq əməliyyatlarını icra edirlər, hər hansı döyüş şəraitində isə fəaliyyət koordinasiya edilir.

İndi Ermənistan və ona havadar çıxmağa çalışanlar bu amili düşünməlidir, Ermənistanı silahlandırmaq fikrindən vaz keçməlidir.

İlham Əliyev Ermənistanın silahlanması ehtimalından danışarkən iki mesaj verir:

1. Azərbaycan Ermənistana yön alaraq silah daşıyan bütün silah trafiklərinə nəzarət edəcək (əvvəl də belə idi),

2. Ermənistanı silahlandıran ölkə Azərbaycanın dostu ola bilməz.

Ermənistan ordusunu silahla qidalandıran ölkələr isə münaqişə təcrübəsindən bizə bəllidir.

İlham Əliyev bu yaxınlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində baş verən hadisələrə, daha sonra Azərbaycanın Xankəndinə təbii qaz verilişini bərpa etdiyinə diqqət çəkib:  

“Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz, sadəcə olaraq, xoş niyyət göstərmişik. İstəməsəydik, bərpa etməzdik. Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar”.

Bu sitatın gələcəyə dair pozitiv təsviri belədir: Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq!

Aqşin Kərimov

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir