İrina Tabaranu: “Rusiya sülhməramlıları separatçıların etdiklərinə göz yumurlar” – MOLDOVADAN MÜSAHİBƏ

Müharibə

Son günlər yenidən tez-tez RSK abreviaturu (Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti) eşidilməyə başlayıb. Rusiya Federasiyasının hərbçiləri getdikcə daha çox özlərini nüfuzdan salır, öz aralarında davalar təşkil edir, RSK-nın məsuliyyət zonasında qalan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan mövqelərini atəşə tutmasına göz yumur, onlara yeni istehkamları təchiz etməyə imkan verirlər.

Postsovet məkanında Rusiya sülhməramlılarının öz ərazisində mövcudluğu üzrə ən uzun təcrübəyə malik olan bir ölkə var – bu, Moldovadır. Dnestryanıda, Moldova regionunda, qanuni olaraq hələ 1992-ci ildə imzalanmış açıq müqavilə əsasında Rusiya sülhməramlı qüvvələri var. Ancaq elə orada ikinci rus kontingenti də var – RQOQ (Rusiya qoşunlarının operativ qrupu). Kişinyov isə RQOQ-un Moldova ərazisində mövcudluğunun legitimliyini şübhə altına alır.

Moldova Azərbaycan, Gürcüstan və Ukrayna ilə birlikdə GUAM-ın bir hissəsidir və təşkilatın növbəti sammitinin bu il keçirilməsi planlaşdırılır. Təşkilatın bütün ölkələri ərazi bütövlüyü təhlükəsi ilə üzləşib və yalnız Azərbaycan bunu öz xeyrinə həll edə bilib, bunun müqabilində isə Qarabağın kiçik bir hissəsində müvəqqəti Rusiya sülhməramlı kontingentini qəbul edib.

“Zona de Securitate” (“Təhlükəsizlik zonası”) media layihəsinin həmtəsisçisi, moldovalı ekspert İrina Tabaranu 102info.az-a müsahibəsində bildirib ki, ərazisində on illərdir Rusiya sülhməramlılarının olduğu Moldovanın təcrübəsi Azərbaycan üçün maraqlı ola bilər.

– Düşünürəm ki, hətta əminəm ki, Azərbaycan Rusiya sülhməramlıları mövzusu ilə maraqlanır. Əvvəllər hesab edilirdi ki, Rusiya Federasiyasının Dnestryanıdakı sülhməramlı missiyası sonuncu və yeganədir, RSK-nın məsuliyyət zonasında daha ərazi yoxdur. Amma sizdə də oldu. Onlar, Moldovada olduğu kimi, Azərbaycanda da uzun müddət qalacaqlarmı? Artıq 30 ildir ki, bizdədirlər… Və RSK ilə necə işləmək olar? Mətnlərdə və bəyannamələrdə çoxlu nüanslar gizlənir. Moldovanın təcrübəsi və səhvlərinin təhlükəsizlik kontekstində öyrənilməsi Azərbaycan tərəfinə maraqlı olardı.

– RSK-nın Azərbaycanda mövcudluğunun bir zaman çərçivəsi var – 2025-ci il. Bundan sonra Bakı onların qalma müddətini uzatmaya bilər. Bəs Moldovada necədir?

– Bizim vaxt məhdudiyyətimiz yoxdur, missiyanın əsas problemi də budur. Sülhməramlı əməliyyatlar BMT tərəfindən həyata keçirilir, lakin Rusiya kontingentinin BMT-dən mandatı yoxdur. Əməliyyatın tamamlanma vaxtı, hansı şərtlərlə dayandırıla biləcəyi barədə heç bir məlumat yoxdur. Baxmayaraq ki, münaqişə bitdikdən sonra kontingentə ehtiyac olmayacağı vurğulanıb. Bizim anlayışımıza görə, bu, Dnestryanının tam olaraq Moldovanın olacağı vaxtdır.

Yeri gəlmişkən, 1992-ci ildə Rusiya prezidenti Boris Yeltsin və Moldova prezidenti Mirça Snequr tərəfindən imzalanmış müqavilədə deyilir ki, əgər bir tərəf bu formatda iştirakını dayandırarsa, o zaman sülhməramlı missiya da fəaliyyətini dayandırır. Birgə Nəzarət Komissiyasında (BNK – Rusiya, Moldova və Dnestryanı nümayəndələrinin daxil olduğu struktur) bu mövzuda müzakirələr aparılıb. Amma orada qərar konsensusla verilir, yəni bütün tərəflər razılaşmalıdırlar. Moldova geri çəkilə biləcəyini, Rusiya isə geri çəkilməyəcəyini deyib.

– Mən düzgün başa düşürəm ki, Dnestryanı missiyada Rusiya hərbçiləri – onların sayı iki minə yaxındır (açıq mənbələrdə belə deyilir), Moldova hərbçiləri və Dnestryanı separatçıları iştirak edirlər?

– Bax, məhz bu, tez-tez buraxılan səhvdir. Sülhməramlı missiyada Rusiyadan 431 hərbi qulluqçu iştirak edir. Moldovalıların missiyada sayı 453, Dnestryanı nümayəndələrin sayı 491-dir. Bu, sülhməramlı kontingent hesab olunur. Ancaq Tiraspolda da Rusiya Federasiyasının hərbi personalı var, bu RQOQ-dur (Moldova Respublikasının Dnestryanı regionunda Rusiya Qoşunlarının Operativ Qrupu). Bu, SSRİ-nin keçmiş 14-cü Ordusudur. RQOQ Tiraspol və Kolbasnada yerləşir, orada döyüş sursatları anbarı var.

2000-ə qədər hərbçidən ibarət RQOQ-un Moldova ərazisində qalmaq üçün heç bir hüquqi əsası yoxdur, Kişinyovun buna razılığı olmayıb. Onlar burada qanunsuz qalırlar. Moldova Rusiyadan ordusunu geri çəkməyi xahiş edərkən ilk növbədə Rusiya Qüvvələrinin Operativ Qrupunun bölmələrini nəzərdə tutur. Uzun illərdir ki, Rusiyada insanlar Moldovanın RF kontingentinin getməsini istədiyini deyirlər və bu barədə Rusiya prezidenti Vladimir Putin də danışıb. Amma Moskvada çox yaxşı başa düşürlər ki, Kişinyov Rusiya Federasiyasının hansı ordusunu nəzərdə tutur – bu, RQOQ-dur. Biz sülhməramlı missiyanın geri çəkilməsində israrlı deyilik, hansı ki, açığını desək, çoxlu problemlər yaradır. Amma onların ən azından ölkəmizdə olmasının hüquqi əsası var.

Rusiya təbliğatı Moldovanın “sülhməramlıların” çıxarılmasını istədiyini bildirir. Amma bu, doğru deyil! Keçmiş 14-cü Ordunun və vaxtı keçmiş döyüş sursatlarının saxlandığı anbarların (bu, çox təhlükəlidir) sülhməramlı missiya ilə heç bir əlaqəsi yoxdur. Sülhməramlılar 1992-ci ildə təyyarə ilə gəlmişdilər, digər rusiyalı əsgərlər isə artıq burada idilər. Amma bütövlükdə “sülhməramlıların” özləri də buraya aid deyillər, bizim sakitləşdirilməyə ehtiyacımız yoxdur – bizdə atəş açanlar elə “sülhməramlıların” özləridir. Özü də əgər Rusiya qoşunları Dnestryanını dəstəkləyib Moldovaya qarşı döyüşürdülərsə, necə sülhməramlı əməliyyatın təminatçısı ola bilərlər?

– Moldovanın da birbaşa Rusiya sülhməramlılarına iddiaları varmı?

– Bəli, əlbəttə. Bu sülhməramlılar separatçıların etdiklərinə göz yumurlar. Bir misal çəkim. 2020-ci ildə, koronavirus pandemiyasının başlamasından sonra Dnestryanı Moldovadan qorunmaq qərarına gəldi və sülhməramlı qüvvələrin məsuliyyəti olan təhlükəsizlik zonasında nəzarət-buraxılış məntəqələri yaratmağa başladı. Rusiya sülhməramlıları heç bir reaksiya vermədilər, halbuki razılaşmaya əsasən, bunu etməli idilər. Belə hallar çoxdur. Missiya sadəcə postlarda oturur və heç nə etmir.

Artıq qeyd etdiyim BNK rəsmi olaraq missiyanı idarə edir, lakin orada qərarlar konsensus əsasında qəbul edilir. Rusiya və Dnestryanı hər zaman ortaq mövqedədir, Moldovanın bütün təklifləri rədd edilir. Yeri gəlmişkən, BNK-da Ukraynadan on müşahidəçi var, Krımın ilhaqına qədər onlar Rusiyanı dəstəkləyirdilər, sonra da bizim tərəfimizi tutdular. Ayrı bir məqam – bir çox Rusiya sülhməramlıları Rusiya pasportu almış Dnestryanı sakinləridir.

– Qayıdaq Azərbaycanın məsələsinə. RSK 2025-ci ildə ölkəmizin ərazisini tərk etməlidir, təbii ki, rəsmi Bakı missiyanın müddətinin uzadılmasına razılıq verməsə…

– Düşünürəm ki, bu tarixə yaxın regionunuzda gərginlik yarana bilər, RSK-nın öz faydalılığını göstərməsi üçün təxribatlar olacaq. Onlar, çətin ki, getmək istəsinlər.

Başqa bir vacib məqamı qeyd etmək istəyirəm. Vaxtilə Moldova Dnestryanı bölgənin qondarma “prezidentləri”, “nazirləri” ilə bərabərhüquqlu danışmağı mümkün hesab edirdi. Bu bir səhv idi. Amma hazırda Moldova prezidenti Maya Sandu Dnestryanı bölgənin liderləri ilə görüşmür – bizim İnteqrasiya Büromuz var, qoy onlar bu məsələlərlə məşğul olsunlar. Amma əvvəlki prezident İqor Dodon (separatçılarla – red.) görüşüb.

Nair Əliyev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir