Atalarından miras qalan sənəti YAŞADANLAR: “Xahiş edirik, bərk gülmə, bığın qopacaq” – REPORTAJ + FOTO

Mədəniyyət

“Əvvəlcə saç, xüsusi dartınmayan parça növü alınır, “balvanka” hazırlanır. Material birləşdirilir “balvanka”ya və onun üzərinə saçlar ilmə vasitəsilə toxunulur. Buna səbir, amma həm də yaradıcı olduğundan, böyük həvəs də lazımdır. Bəzən bir neçə saat sərasər işləməli olursan”. 

Teatr deyəndə ilk ağla gələn ifadələrdən biri də qrimdir. Qrim, əslində, aktyorların teatr səhnəsində və ya bədii film çəkilişində təsvir və təqlid etməli olduğu obrazı formalaşdırmaq üçün istifadə olunan teatr kosmetikası növüdür. Qrim deyəndə nədənsə həmişə səhnə üçün edilən üz makiyajını düşünürük. Sən demə, qrim sənəti təkcə makiyajdan ibarət deyilmiş.

Kaspi qəzetinin əməkdaşı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qrim ustası ilə söhbətləşib. Aybəniz Hüseynova bu sənətin bütün xırdalıqlarını danışacağına söz verib.

Həmin reportajı təqdim edirik:

Qrim sənəti – pastijorluq

Qapıda bizi teatrın mətbuat katibi Fəridə xanım təkrarsız gülər üzü ilə gözləyir. Fəridə xanım fotoqrafımız Tapdıqla bizi qrim otağına ötürür. Aybəniz xanım iş başındadır. Hansısa tamaşa üçün parik hazırlayır. İşindən ayırsaq da, bizi xoş qarşıladı. Otaqda hər yerdə pariklər, hörüklər, bığlar, saqqallar var. Çox maraqlıdır. Aybəniz xanım deyir ki, qrim sənətinin bir növü pastijorluqdur: “Tamaşanın hazırlanması, xarakterlərin yaranması prosesində qrimdən istifadə olunur. Eyni zamanda da həmin obraza uyğun saqqal, bığ, bakenbard, pariklər hazırlanır ki, bunu da qrim ustası – postijor edir”.

Üçü birində bir proses…

Mənə çox maraqlı olan postijor sənəti haqqında da danışdı Aybəniz xanım: “Obrazın yaranması və hazırlanması ilkin olaraq pyesdən asılıdır. Yəni pyesin hansı zamanı əhatə etməsindən, klassik və ya milli olmasından. Geyimlər kimi pariklər, saqqal və bığlar da əsərin aid olduğu dövrə və mühitə uyğun olmalıdır. Əvvəlcə tamaşaya qoyulacaq əsər seçilir, tamaşanın quruluşçu rəssamı təyin edilir. Rəssam obrazların görünüşünü eskiz üzərində işləyir. Sonra rejissorla məsləhət edilir, eskizlər təsdiqlənir və bizə gəlir. Bilirik ki, filan aktyor və ya aktrisa filan cür saç düzümündə, filan cür görünüşdə və s. olacaq. Ona uyğun geyimlər hazırlanır, biz isə parik, saqqal, bığ, bakenbard hazırlayırıq. Tamaşa zamanı geyimə və saç düzümünə əsasən qrim olunur. Yəni bu, üçü birində olan bir prosesdir”.

100 qramı 150 manat

“Bu işlə məşğul olmaq üçün böyük sevgi, həvəs, səbir, maraq və bir də iti göz tələb olunur” deyir qrimçi xanım: “Əvvəlcə saç, xüsusi dartınmayan parça növü alınır, “balvanka” hazırlanır. Material birləşdirilir “balvanka”ya və onun üzərinə saçlar ilmə vasitəsilə toxunulur. Bayaq da qeyd etdiyim ki, buna səbir, amma həm də yaradıcı olduğundan, böyük həvəs də lazımdır. Oturaq işdir. Bəzən bir neçə saat sərasər işləməli olursan. Adam yorulur. Bəzən bir iş bir saata, bəzən isə bir günə başa gəlir. Yaradıcı işdir deyə, bir az da həmin günün əhvalından da asılı olur”. Saçın qiyməti ilə maraqlandım. Xanım deyir ki, təbii saçın 100 qramını 150 manata alırıq və əsasən, uzunluğa diqqət edirik. 

Gülmə, bığın açılmasın…

Aybəniz xanım deyir ki, elə aktyorlar var ki, həddindən artıq emosional oynayır: “Üzündəki bütün mimikalar hərəkət edir. Xahiş edirik ki, sən Allah, bərk gülmə, danışma, bığın qopacaq. O cür aktyorlar səhnəyə çıxanda kulisdə dayanırıq ki, bığı qopubsa, səhnədən çıxan kimi yenidən yapışdıraq. Bir məsələ də var ki, həddindən artıq emosional oynayanda üz də çox tərləyir. Yapışqanın da tərkibində spirt var, tər dəyəndə duzu onu açır. Aktyorun bığı açılırsa, narazılıq edir. Bəzən deyəndə ki, tərləmisən deyə açılır, inciyirlər, deyirlər yox, sən yapışqana su qatırsan. Gülürəm, deyirəm axı mümkün deyil”.

Atadan miras

Aybəniz xanımın atası Azərbaycanın kino və teatr sahəsində çox tanınmış qrim ustası, Əməkdar mədəniyyət işçisi mərhum Telman Yunusovdur. Bu haqda da söhbətləşdik: “Sovet dövründə özümüzdə olmadığından, Rusiyadan və ya digər dövlətlərdən qrim ustaları çağırırmışlar. Atam rejissor olmaq istəyirdi. Adil İsgəndərov ona deyib ki, rejissordan çox rejissor olacaq, ancaq qrim sənətini bilən yoxdur, bu sənəti öyrən. Atam onun sözü ilə Moskvada təhsil alıb, sonra isə burda fəaliyyət göstərib. Atamızdan bizə miras qalıb bu sənət. 5 bacıyıq, üçümüz bu işlə məşğuluq. Bir bacım da 20 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Atam toxuyurdu, şinyonlar düzəldirdi, biz də baxırdıq, maraqlı gəlirdi, hər şeyi soruşurduq. Elə-elə öyrənmişik. Mən sənədlərimi Bakı Dövlət Universitetinə verməyə hazırlaşırdım. Atam da, anam da müəllim olmağımı istəyirdilər. Amma son anda fikrimi dəyişdim və İncəsənət Universitetinə getdim. Atam özü bu işin içində idi və buna görə o qədər də razı deyildi. Bilirsiniz, iş prosesi bir az çətindir. Bəzən gecə çəkilişləri də olur, getməli oluruq. Bir də buna görə istəmirdi. Qabiliyyət imtahanına belə kömək etmədi, özüm hazırlaşdım. Xasiyyəti ağır idi, istəmirdi incəsənət sahəsində olum. Deyirdi müəllim ol. Amma sonradan işlərimi görəndə sevinmişdi. Demişdi ki, yaxşı ki, elə qrim sənətini seçdin. Bizim çox maraqlı qonşularımız vardı. Elxan Qasımov, Şahmar Ələkbərov, Eldəniz Zeynalov, Həsən Məmmədov və başqaları ilə qonşu idik. Onların yanında böyümüşük. Üstəgəl, uşaqlığımız elə kinostudiyanın həyətində, pavilyonda keçib. Ən sevimli oyunumuz çəkiliş “arabasında” o yana-bu yana bir-birimizi sürmək idi”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir