Şimşəyi ovuclayanlar… – FOTO

Mədəniyyət

Balkan ixtiraçısının bəzi elmi tədqiqatları bəlalara yol aça bilərmiş. Xoşbəxtlikdən, həmin dövrdə hərbi idarələrin heç biri bu kəşflə maraqlanmayıb. Ona görə də, bəzən baş tutanlara görə yox, həyata keçməyən niyyətlərə, məqsədlərə görə də Allaha minnətdar olmalıyıq…

Serbiyada Dünya Yazarlarının 58-ci Belqrad Görüşü günlərində təşkilatçılar festival iştirakçılarını bir çox tarixi yerlərə, mədəniyyət ocaqlarına, eləcə də muzeylərə aparırdılar. Nikola Tesla Muzeyi şəhərin mərkəzində – Krunska küçəsi, 51 ünvanında yerləşir. Nikola Tesla Muzeyi 1952-ci ilin dekabrında keçmiş Yuqoslaviya hökumətinin qərarı ilə yaradılıb və ikimərtəbəli klassik üslubda tikilmiş binada yerləşir. Bina 1927-ci ildə serb memarı Drazic Brasovan tərəfindən  tikilib.  

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Nələr var, nələr…

Dahi elm adamının – Teslanın həyatı və ixtiraları haqqında bu muzey vasitəsi ilə ətraflı məlumat almaq mümkündür. Burada 160000-ə qədər elmi və şəxsi sənəd, 2000-dən artıq kitab və jurnal, 1200 dən çox texniki eksponatlar var, amma təbii ki, onlardan ən vacibləri ziyarətçilərə nümayiş etdirilir.  Dahi ixtiraçının elektrikləşmə ilə bağlı kəşfləri texnoloji inkişafda vacib rol oynadığına görə 2003-cü ildə YUNESKO-nun “Dünyanın xatirəsi” proqramı çərçivəsində qeydiyyata alınıb.

Haradan hara…

Amerika məhkəməsi Nikola Teslanın ölümündən sonra –  1943-cü ilin yanvarında, bütün elmi mülkünün qəyyumluğunu onun kiçik bacısı Marikanın oğlu Sava Kosanoviçə verib. Sava  o zaman Nyu-Yorkda mühacir həyatı yaşayan bir serb siyasətçi, publisist və diplomat idi. Verilən qərardan sonra Teslanın bütün əmlakı qablaşdırılıb, möhürlənib və Əcnəbi Əmlak Qəyyumluğu Ofisinə təhvil verilib. Şəxsi əşyaları isə “New Yorker” oteldən Teslanın əmlakının bir hissəsinin saxlanıldığı yerə köçürülüb. Sava Kosanoviçin təşəbbüsü ilə Nikola Teslanın bütün şəxsi əmlakı və yazıları Belqrad şəhərinə göndərilib. Altmış bağlama, çamadan, metal cihazlardan ibarət yük – Nikola Teslanın şəxsi mirası Serbiya gəmisi ilə Rieka limanına gətirilib, oradan isə Belqrad Universitetinin Elektrik Mühəndisliyi Fakültəsinə aparılıb.


1952-ci ildə isə o vaxt küçə kimi tanınan Genjik Villasına köçürülüb. Bu ünvanda indiki muzey yerləşir. Muzey 20 oktyabr 1955-ci ildə ictimaiyyətin üzünə açılıb.

Bu muzey yalnız ixtiraların, sənədlərin nümayiş etdirildiyi bir yer deyil, burada həm elmin populyarlaşması proqramları icra edilir, həm ixtiralar təbliğ olunur, həm də elmi yeniliklərə dəstək göstərilir.

Gəz ki, gəzəsən…

Muzeydə hər yarım saatdan bir ekskursiya təşkil olunur, peşəkar bələdçilər dahi ixtiraçının həyat və yaradıcılığından danışır, bəzi cihazları işlək vəziyyətə gətirərək əyani şəkildə onlardan istifadə edirlər. Hətta bu işə ziyarətçilər də cəlb olunur və kəşflərlə praktik sürətdə tanış olurlar. Cihazların birindən elə şüa ayrılır ki, əlini ona yaxınlaşdıranda, sanki ildırımı ovcunda tutursan. Bələdçi cihazı işlək vəziyyətə gətirir, çaxan şimşək – əyani şəkildə ayrılan elektrik cərəyanı isə ziyarətçilərin ovcunda əks olunur. Ziyarətçilərdən bəziləri çəkinmədən bu eksperimentin iştirakçısı olurlar. Həmçinin muzey barədə, eləcə də Teslanın həyatı və ixtiraları xüsusunda əlavə 20 dəqiqəlik video-xronika da ziyarətçilərə göstərilir.

Heç fələk də baş açmaz…

Muzeydə elə cihazlar var ki, onların işləmə qaydalarına ziyarətçilər məəttəl qalırlar. Burada nələr yoxdur – asinxron mühərrikin en kəsiyi, rotoru yumurta formalı, daha çox “Kolumb yumurtası” adlanan asinxron maşını,  üçfazalı sistem, “Tesla sarğacı” və sair. Elektrik enerjisinin istehsalı, ötürülməsi və istifadəsi nümunəsini əyani sübut edən cihazlar, qayığın hərəkətinin uzaqdan idarə olunmasını göstərən model də xüsusi diqqətə çəkir.

Alternativ cərəyanla işləyən xüsusi cihazlar və sistemlər də Teslanın əsas ixtiralarındandır və muzeydə onlar da qonaqlara təqdim edilir.  

Allah üzümüzə baxıb…

XX əsrin sənaye inqilabının ikinci mərhələsini Nikola Teslanın ixtiraları olmadan təsəvvür etmək çətindir. Tesla hətta “zəlzələ generatoru” da hazırlayıbmış. Bu cihazın böyük bəlalara yol açacağından ehtiyatlanan əbədiyaşar ixtiraçı təhlükəni vaxtında başa düşərək həmin aparatı çəkiclə darmadağın edib.

Balkan ixtiraçısının bəzi elmi tədqiqatları bəlalara yol aça bilərmiş. Tesla bir növ “ölüm şüası” icad edibmiş. Belə ki, düşmən obyektlərini – təyyarələri, avtomobilləri məsafədə məhv etməyə qadir olan, şüa ilə idarə edilən silahın ilkin versiyasını hazırlayıb. Xoşbəxtlikdən, həmin dövrdə hərbi idarələrin heç biri bu kəşflə maraqlanmayıb. Ona görə də, bəzən baş tutanlara görə yox, həyata keçməyən niyyətlərə, məqsədlərə görə də Allaha minnətdar olmalıyıq… Olmayanlarına da şükür, Xuda…

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir