Keçmişə getməyi sevməyən azərbaycanlı aktrisa – FOTO

Mədəniyyət

Kamera həyəcanımı itirmişəm, bilirəm ki, harada necə dayana, hansı rakursdan daha yaxşı görünə bilərəm. Amma teatr canlı sənətdir. İmprovizələr, gözlənilməz şeylər baş verə bilər. Orada daha çılğın enerji alırsan. Teatrda alqışla sevgini başa düşürsənsə… 

Bir çox film və serialların baş rollarının ifaçısı, aktrisa Günəş Mehdizadə “Kaspi” qəzetinə müsahibəsində kino fəaliyyətindən, yaradıcılığından danışdı, düşüncələrini bölüşdü.

Pedaqoq çatışmazlığı

“Film sektorunda ilk növbədə təhsil və pedaqoq çatışmazlığı var” söyləyən Günəş Mehdizadə fikrinə əlavə olaraq deyir: “Gənclərimizin xaricdə master-klass keçmələrinin tərəfdarıyam. Avropada nə kimi yeniliklər var, onlarda kino, teatr nəyin üstündə qurulur, kino texnikası və bu kimi vacib məqamlar var ki, öyrənmək lazımdır. Mədəniyyət və İncəsənət Universitetini və xoşbəxtlikdən məhz Vaqif İbrahimoğlunun kursunu bitirmişəm. O, çox mükəmməl pedaqoq və unikal insan idi. O, aktyoru bir şəxsiyyət kimi yetişdirirdi. Amma hər şeyi öyrənmək üçün dörd il çox az idi. Bir şey də var ki, Vaqif müəllim ancaq aktyor sənətini öyrədirdi. Amma aktyor çoxşaxəli olmalıdır axı.  Aktyor bütün sahələrdən – tarixdən, musiqidən, mədəniyyətin bütün qollarından xəbərdar olmalıdır. Mütaliə etməsən, bu informasiyaları haradansa almasan, mümkün deyil. Ayağını xaricə atırsan və görürsən ki, orda tamam başqa şeylər baş verir. Onlar başqa cür işləyirlər. Və bütün bunları görəndə düşünürsən ki, öyrəniləsi çox şey var”. 

Maddiyyat yox, sevgi

Aktrisa müqayisələrdən də danışdı: “Həmişə demişəm ki, biz çox istedadlı xalqıq. İstər texniki heyət, istərsə də yaradıcı heyət çox istedadlı, potensiallıdır. Çox kiçik büdcə ilə ortaya iş qoyuruq. Başqa ölkələrin kino nümayəndələri hansı büdcə ilə bu işi gördüyümüzü biləndə şoka düşürlər. Əlbəttə, gülməli rəqəmlərdir. Amma buna baxmayaraq, insanlar səhərdən axşama kimi meydançada çalışır, can qoyur. İnsanları orda artıq maddiyyat yox, sevgi, istək saxlayır. Buna görə də son vaxtlar dəbdə olan müqayisəni doğru hesab etmirəm. Kiçik məbləğə bu qədər ürəklə işləyiriksə, məsələn, elə türklərə verilən məbləği bizə versələr, görün biz nə edərik!” 

Rejissor bunu bacarmır

“Hər bir aktyora mütləq yaxşı rejissor lazımdır” deyir Günəş xanım: “Hər dəfə bir başqa rejissorla işlədikcə ondan yeni şeylər öyrənirəm. Çünki hər bir rejissorun özünün işləmə taktikası və yanaşma tərzi var. Çox yaxşı rejissorlarımız var. Amma yenə də söhbət gəlir dayanır pulun üstündə. Məsələn, rejissor nizam vermək istəyir. Amma buna məkan, kamera və ya şərait imkan vermir. Ona görə də, məcbur olur əlində olan imkanlarla manevr etsin. Kənardan baxanlar isə düşürlər rejissorun üstünə ki, bunu bacarmır”.

Çexovun özü bir rejissordur

“Daha çox mütaliə etməliyəm, amma daha çox etmirəm” aktrisa etiraf edir: “Son oxuduğum kitab Dostoyevskinin “Cinayət və cəza”sıdır.  Oxuyandan sonra Dostoyevskinin həyatı maraqlı gəldi. Düşündüm, insan necə psixoloji məqamları bu qədər dəqiqliklə yaza, çatdıra bilər. Həyatını oxudum. Ölüm hökmü verilmiş bir adamın son anda qurtulması qəribə taledir. Aktyor üçün mütaliə çox vacibdir, dünyagörüşü, nitq və s. inkişaf edir. Bundan başqa, oxuduğumuz  əsərlərdə hazır hadisələr, obrazlar var, aktyor  öyrənir. İnsanın psixoloji durumu, keçirdiyi hislər, hamısı hazır şəkildə təqdim olunub. Məsələn, Çexovun özü bir rejissordur. Hər şeyi açıq şəkildə yazıb”. 

Kino və teatr fərqi

Aktrisa teatr və kino aktyorluğunun fərqindən də danışdı: “Teatr və kino fərqli hisslər yaşadır. Kamera həyəcanımı itirmişəm, bilirəm ki, harada necə dayana, hansı rakursdan daha yaxşı görünə bilərəm. Bunlar məndə peşəkar vərdişə çevrilib. Amma teatr canlı sənətdir. İmprovizələr, gözlənilməz şeylər baş verə bilər. Hər birinə hazırlıqlı olmalısan. Orada daha çılğın enerji alırsan. Teatrda alqışla sevgini başa düşürsənsə, filmdə də bunu sosial şəbəkələrdə yazırlar, küçədə görüb deyirlər. Bu, çox xoş bir hissdir”. 

Aktyora, sənətə təhqir

Aktrisa deyir ki, aktyor olmayanlar, ümumiyyətlə çəkilməməlidir: “Bu, həm aktyora, həm də tamaşaçıya təhqirdir, hörmətsizlikdir. Məsələn, mənim peşəm budur, amma tərəf müqabilim efirdə görünmək istəyir. O, mənə oyun vermir, fikri dodaq boyasındadır. Mən ona nəsə ötürürəm, o isə heç nə ötürmür, əksinə, mənfi enerji verir. Məni üstələməyə çalışır, ondan üstün olduğumu bilir. Nəticədə, çox gülməli, biabırçı vəziyyət alınır”.

Səhv etdim

“Niyə sizi teatr səhnəsində görmədik?” sualıma aktrisa cavab verir: “Birinci kursdan filmlərə çəkilirdim. Təkliflər ard-arda gəlirdi. Bu baxımdan çox şanslı aktrisayam. Gözümü açandan ətrafımda Fəxrəddin Manafov, Ramiz Fətəliyev kimi adamları gördüm. Dördüncü kursu bitirəndə müəllimim teatrda qalmağı təklif etdi. Mənsə kinoya o qədər aludə olmuşdum ki, razılaşmadım. Amma səhv etdim, teatrda qalsaydım, Vaqif müəllimi daha çox görər, daha çox şey öyrənərdim. Və səhnə praktikam olardı, illərimi itirdim. Qorxum vardı ki, birdən teatrda imkan, şərait yaratmazlar. Amma iki ildir ki, YUĞ teatrına gəlmişəm. Pandemiya dövrünə düşdüyü üçün hələ ki, səhnə fəaliyyətim yoxdur”.

Siz məni ələ salıbsınız

Çəkiliş vaxtı başına gələn gülməli hadisəni də danışdı: “Daşkəsənin ucqar bir kəndində “Suğra və oğulları” filmini çəkirdik. Belə bir səhnə var idi ki, kənddə dana kəsilir və hər qonşuya pay verilir. Qonşular da kənd camaatı idi. Onlara izah etdilər ki, burda dayanın, sizə ət paylanacaq, götürün və heç nə deməyin. İlqar Cahangir kolxoz sədrini oynayırdı, gəlib əti paylayır, hamı götürür, heç nə demir. Aralarında 90 yaşlı bir kişi də vardı. Əlində qazan dayanıb. Ət payını verən İlqar bəy deyir: “Sən tək adamsan, bu qədəri yetər”. Kişi də cavab verir ki, mən tək deyiləm, 4 uşağım var. Çəkilişi dayandırır, kişini baş salırlar, yenidən çəkirlər. Yenə də eyni şey. Axırda kişi əsəbiləşdi, qazanı çırpdı yerə ki, siz məni ələ salıbsınız, mənim 90 yaşım var, bu ət mənim harama çatacaq?”

Günəşli günlər

“Keçmişə getməyi sevmirəm”, deyir aktrisa: “Hətta xoş xatirəli keçmiş də adamı kədərləndirir. Darıxırsan. Keçmişimi unutmasam da,  yada salmağı da sevmirəm. Daha çox bu günümlə, gələcəyimlə yaşayıram. Pozitivəm. Gülüşü, sevinci tapmaq lazımdır. Adi bir şeyin varlığına da sevinmək olar. Amma bizim gözümüz öyrəşib deyə, adi gəlir. Əlindən alınanda qədrini bilirsən. Çox yaxşı şeylərin baş verəcəyinə ümidliyəm. Ələlxüsus da bizim sahədə. Maddi stimul olmasa da, gənclər böyük həvəslə işləyir. Başa düşürsən ki, burda bir səbəb var, o da sevgidir. Mən günəşli günlərə inanıram”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.