Dahilərin iflasa uğrayan ideyaları

Mədəniyyət

Amerika Patent Bürosu indiyə qədər suda yerimək üçün hazırlanan 100-dən çox kəşflərə pul ayırıb, onlardan biri 500 il öncə Leonardo da Vinçinin düzəltmək istədiyi şişirdilə bilən su xizəkləri kimidir. Hətta o tipli ayaqqabılarla fransız səyyah  Remi Briska Atlantik okeanını yeriyə-yeriyə keçib.

“İstedadlı adam hər işdə istedadlıdır” fikri bir sıra hallarda özünü doğrultmur. Çünki bəzən bir işin peşəkarı başqa bir işdə naşı olur. Dünya şöhrətli fırça ustası Leonardo da Vinçi də əl atdığı işlərdə, meyl göstərdiyi bəzi məqsədlərdə uğursuzluqlarla üzləşib, amma heç zaman yeniliklərə can atmaqdan usanmayıb, geri durmayıb. 

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik:

Möcüzələr yaratmaq istəyirdi 

Leonardo da Vinçinin həyatına, cib dəftərlərindəki qeydlərinə, ən əsası isə arzularına bələd olanda anlayırsan ki, sən demə, rəssamlıq onun ən axırıncı sırada dayanan sənəti imiş. O, gecə-gündüz yeni kəşflər etmək fikrində olub və dahi rəssam  yeniliklərlə bağlı öz arzularını belə ifadə edirdi: “Möcüzələr yaratmaq istəyirəm”. O, iş üçün Lüdovik Sforza müraciət edib, peşəkar rəssam kimi yox, hərbi mühəndis kimi çalışmaq eşqinə düşüb.

Təcrübə heç zaman uğursuz olmur

Dahi fırça ustası qapı cəftəsi, qaldırıcı, pompa, silindir, yay, çarx, saat, həbsxanadan qaçmaq və suyun altında üzmək üçün xüsusi alətlər, nəhəng qazma maşınları, paraşüt, pulbasma cihazı və sair əşyaların eskizlərini hazırlayıb. Hətta bir ara üçmərtəbəli şəhər tikmək fikrinə də düşüb. Elə şəhər ki, ən yuxarı qatda zənginlər, elitar kəsim, aşağıda sadə insanlar, birinci mərtəbədə isə ideal hesab oluna biləcək işləklikdə kanalizasiya sistemi. Bu qədər fərqli texniki yeniliklərə meyil göstərən dahi cəmiyyətin həyatını asanlaşdıran texniki vasitələrin çoxalması yolunda usanmaq bilmədən çalışıb. Onun niyə bu işlərdən bezmədiyi barədə düşünəndə ölməz sənətkarın “təcrübə heç zaman uğursuz olmur” fikrini xatırladım. Ən azı, alınmayan bir məqsəd yolunda da insan nə isə öyrənir, prosesin gedişini mənimsəyir.

Suda qarət planı üçün ayaqqabı 

Ancaq yuxarıda sadalanan cihazların hazırlanması ilə bağlı çəkdiyi eskizlərin mütləq əksəri rəssamın geniş ürəyində elə arzu olaraq da qalıb. Bütün bunlar azmış kimi, Leonardo həm də su üstündə yerimək üçün xüsusi ayaqqabılar hazırlamaq qərarına gəlib. O, bu ayaqqabılardan daha çox hərbi məqsəd üçün istifadə ediləcəyini nəzərdə tuturmuş. Düşünürmüş ki, bu ayaqqabıları hərbçilər  geyib gəmiləri deşəcək, beləliklə də, suda qarət  planlarını rahatca icra edəcəklər.

Suyun üstündə qalmaq olardı, lakin… 

Leonardo suda yerimək üçün nəzərdə tutduğu ayaqqabılara aid eskizində göstərirdi ki, ayaqların altına şişən torbalar qoyulacaq, onlar dərya üzərindəki insanın suyun üstündə qalmasını təmin edəcək. Amma onun hazırlamaq istədiyi ayaqqabılarda insanın müvazinətini saxlaması ilə bağlı hər hansı bir qeyd yox idi, halbuki bu məqam vacib şərtlərdəndir. Şişən torbalarsa, çox güman, heyvanların bağırsaq, yaxud sidik kisəsindən hazırlanacaqdı. O da aydın olur ki, dahi rəssamın hazırlayacağı ayaqqabılarla suyun üstündə qalmaq olardı, lakin onunla irəliləmək müşkül məsələ idi. Bu uğursuz “kəşf” afrikalıların məşhur atalar sözünü yada salır: “Dənizin dərinliyini ancaq axmaqlar iki ayağı ilə ölçər”.

Bataqlığı qurudan cihaz 

Böyük sənət ustasının bu işə dırnaqarası yanaşmasını göstərən məqamlardan biri də hazırlamaq istədiyi ayaqqabıların ölçüləri ilə bağlı qeyd dəftərlərində heç bir eskiz ölçülərinin olmaması idi. Rəssam, Ludovik Sforza yazdığı məktubda müharibəyə olan böyük marağını qeyd edirdi, əslində isə real həyatda ürəyiyuxa adam idi, yaşamağı hər şeydən üstün tuturdu. Özü də o, vegetarian idi, heyvan orqanlarından nəsə hazırlamaq onluq deyildi. Onun dəftərlərində dənizin qabağına sədd çəkərək daşına bilən barajlar qurmaqla bir ordunu suya qərq edən alətin də eskizi vardı. O dövrlərdə beyinləri məşğul edən, hər dəfə də uğursuzluqla nəticələnən yaylı tüfəng yaratmaq ideyasını Leanordo da Vinçi də düşünübmüş. O, həmçinin bataqlığı qurudan cihazın kəşfi üzərində də beynini yorub.

Əsrlər sonra da olsa… 

Onu da deyim ki, xristian dünyasında  su üzərində yeriməyə maraq daim olub. Bu istəyin mayasında “İncil” dayanır. “İncil”də deyilir ki, İsa Məsih həvarilərinə yetişmək üçün Təbəriyə gölü üzərində 20 km yol qət edib. Heyvanat aləmində isə “İsa kərtənkələsi” adlandırılan Basilikok kərtənkələsi suyun üzərində dörd metr yol qət edə bilir. Qədim yunan tanrısı Orion və Misir tanrısı Horosun su üzərində yeridiyi ilə bağlı əfsanələr günümüzə qədər gəlib çatıb. Bir sözlə, su üzərində yerimək, yaxud suyun üstündə yerimək üçün hazırlanan ayaqqabılarla bağlı fikir ta qədimlərdən insanları narahat edirmiş, nəinki dahi rəssamı.

Onu da deyim ki, Amerika Patent Bürosu indiyə qədər suda yerimək üçün hazırlanan 100-dən çox kəşflərə pul ayırıb, onlardan biri 500 il öncə Leonardo da Vinçinin düzəltmək istədiyi şişirdilə bilən su xizəkləri kimidir. Hətta o tipli ayaqqabılarla fransız səyyah  Remi Briska Atlantik okeanını yeriyə-yeriyə keçib. O, yol boyunca plankton, yaxud uçan balıqlardan yeyərək qidalanıb və səyahət ərzində 27 kq arıqlayıb. Yəni Leonardonun eskizi əsrlər sonra da olsa, təkmilləşdirilmiş şəkildə gerçəkliyə çevrilə bilib.

Seyid Əzim Şirvani demiş…

Sağlığında görkəmli rəssamın əksər fikirləri qəbul edilmir, sadəcə cib dəftərlərində eskiz formasında qalırdı. Fəqət o, bu cür uğursuzluqlara öyrəşmişdi;  araşdırmalara görə, xeyli əsərini yarımçıq qoymuş, heykəllərindən birini belə sata bilməmişdi, hətta Lüdovik Sforzanın sifariş verdiyi xatirə abidəsini də hazırlamaq müyəssər olmamışdı. Ancaq onun bu yarımçıq işlərinə görə heyfslənməyə, yaxud kimdənsə şikayətlənməyə də əsas yoxdur, çünki Seyid Əzim Şirvani demiş: “Şikayət etmə bir kəsdən, özün bəxti qərasənmiş”.

Mənbə: Judy Wearing “Edinsonun beton pianosu”, səh. 23-41, “Nail kitab evi”, 2016

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir