Afaq Bəşirqızı: “Demişdim ki, sən bu dövlətə yanan adam deyilsən” – FOTO/VİDEO

Mədəniyyət

Uzun müddətdir efirlərdə görünməyən, səhhəti ilə bağlı problemlərlə üzləşən Xalq artisti Afaq Bəşirqızı OLAY-ın qonağı olub. 

Məşhur teatr və kino ulduzu müsahibəsində sağlamlığı, səhnəyə qayıdışı, mədəniyyət xadimlərinin üzləşdiyi problemlərdən danışıb.

“Hər zaman qayğımı çəkən həkimlərimə təşəkkür edirəm. Onların zəhməti və səyi nəticəsində çox ağır bir xəstəliyi deyəsən “adladıq”. Açıq etiraf edim ki, özümü yaxşı hiss etməyə başlayandan darıxıram. Onda hiss etdim ki, səhnə, tərəf müqabillərim, teatr, insanlar və çox sevdiyim dostlarım üçün darıxıram. Yaşamaq gözəldir, amma yaşayasan. Vaxt keçirməyəsən. Bir neqativ hadisə ilə məşğul olmayasan. Ya sağlamlığınla bağlı, ya da bir xoşagəlməz hadisə ilə yaşayanda ömrü hədər verirsən.

Çünki ömrü daha gözəl işlərə sərf edib, gözəl insanlarla keçirmək lazımdır. Fərq etmir hansı sənətin sahibisən. Ömrü o sənətin gözəlləşməsinə sərf etmək lazımdır. Lap bir sənət sahibi deyilsən, insan ol. Tez-tez qeyd edirəm ki, insanlar çoxdur, insanlıq azdır. Həmin insanlığı qazanmaq, yaratmaq və təbliğ etmək üçün yaşamalısan. Boş yaşamağa, ömrü hədər verməyə haqqın yoxdur”,- deyə Bəşirqızı bildirib.

Ustad aktrisa xəstəliyinin qəfildən gəldiyini qeyd edib:

“Əvvəl çaşdım. Çünki müəyyən xəstəliklərlə mübarizə aparırdım. Birdən birə bunun meydana çıxıb, 15 gün ərzində açılmağı məni çaşdırdı. Yenə də bizim həkimlərimiz sağ olsun. Bilirsiniz, bəzi proqramlar olur ki, bizim həkimlərə qarşı ögey münasibət bəsləyirlər. Onlar bilmir ki, bizim həkimlərə xaricdə necə qiymət verirlər. Onlar bilmir ki, bizim həkimləri necə sevib, adlarına klinikalar açırlar. Allah bizim həkimlərə can sağlığı versin. Əlbəttə gözlənilməz olduğu kimi tez səfərbərlik etdik. Bu xəstəliyin tez üstünə düşdük. Xəstəliyin aşkar olunması və əməliyyatla birgə 10 gün vaxt getdi. Həkimlər çox sərrast çalışdılar. Mən bir də xalqıma ona görə minnətdaram ki, bütün bunları öz hesabıma başa gəlsə, qarşılaya bilməzdim. Hamısını onlar öz hesablarına, mənim həyatda qalmağım üçün etdilər. Onlara çox minnətdaram. Soruşsalar ki, həyatını kimə borclusan? Deyərəm əvvəl Allaha, sonra həkimlərimə. Bütün həkimlərə can sağlığı arzu edirəm. Ölənlərə rəhmət diləyirəm. Məndən soruşsalar ki, bir də həyata gəlsən, nə olarsan? Deyərəm, həkim. Amma nə həkimi bilmirəm (gülür)”.

Sənətkar yenidən instaqram platformasına qayıtmasından da danışıb:

“Oğlum istədi. Vallah sosial şəbəkə məndə yoxdu. Oğlumla gəlinimə nəsə göndərəndə mənə də düşür, baxıram. Onlar idarə edirlər, onların təşəbbüsüdür. Mən sosial şəbəkəni sevmirəm.
Biz teatrın rəhbəri ilə danışmışıq. Bir ideya düşünmüşəm. Bunun üçün də güclü rejissor lazımdır. O həyata keçsə, məndə material çox olacaq. Onu sosial şəbəkədə də paylaşacam.

Afaq Bəşirqızı yenidən teatra qayıdacağını, tamaşalarda yer alacağını qeyd edib.

Xalq artisti “Vaxtilə televiziya tamaşaları çəkilirdi ki, maraqla izlənilirdi. Sizin elə tamaşalarınız var ki, obrazlarınız artıq fenomenə çevrilib. Belə tamaşalar yenidən çəkilməyə başlayıb. Bəs,  niyə əvvəlki kimi uğur qazanmır?” – sualını bu cür cavablandırıb:

“Bu elə məsələdir ki, bir sənətkar, dost, ya da aktrisa kimi mənə irad tutmaq olmaz. Çünki mən bilmirəm o tamaşa niyə uğur qazanmadı. Ya da deyim ki, əvvəlki aktyorlar da yoxdur. Məsələn, mənimlə tərəf müqabilim olacaq aktyorlardan Məbud Məhərrəmov qalmışdı – həyat yoldaşımı oynayan. Mən bilirəm siz hansı tamaşadan danışırsınız. Gözəl rejissorumuz Şərif Qurbanəliyev “Bala başa bəla” və “Yarımştat” tamaşalarını çəkib. Bir az qəribə oldu. Yaxud da müəyyən müddət keçəndən sonra tamaşaçı o tamaşaya öyrəşir, sevir, çox qiymətli sənət əsəri olur. Ola bilsin ki, bu tamaşa da onlardan olacaq. Amma səbəblər çoxdur. 

Bir də bir söz deyim. Düzdür, bu mövzuya aid deyil. Mən çəkilən tamaşanı demirəm. Siz soruşursunuz ki, niyə uğur qazanmır. Çünki tamahla istedad bir yerə sığmır. Elə-belə deməyiblər ki, incəsənət qurban tələb edir. Sən özünü bir növ qurban verirsən. Biz qurbanlarıq. Bir sənətin ki, fərli maaşı, evi, bağı yoxdur, istirahət üçün vəsaiti çatmır, xəstələnəndə hansısa təşkilat səni ölümdən qurtarır. Bütün bunların müqabilində qurbansan. Düzdür, bu sənətə gəlib ayrılanlar da oldu. Çoxu bu sənətə gəldi. Nə gəlişini görən oldu, nə gedişini. Lakin incəsənət üçün çox işlər görürlər, sadəcə vaxtında qiymətləndirilmirlər. Onlar öz sənətləri, qabiliyyətləri ilə tarixə düşürlər. Vaxt gələcək tarixi vərəqləyəndə kiminsə diqqətini çəkəcək və üzə çıxacaq. Biz məsələn, Sarabskinin Məcnundan başqa rolunu tanımırıq. Amma Sarabski, Ərəblinski tarixdə qalıblar. Vaxt gələcək tarix öz qiymətini verəcək. Amma ona dözmək lazımdır. Gərək ürək dözsün. Mədəniyyət xadimlərinin ürəyi çox kövrək olur. Son zamanlar incəsənət adamları ilə naşılar, kişilikləri olmayan nakişilər çox əsəbləri ilə oynadılar. Onlar danışmadılar, çünki sənətkardırlar, sənətləri, qoruyucu qalxanları var. Xəbərə görə, ondan-bundan pul yığan bədbəxtlərin heç nəyi yoxdur, lakin incəsənət xadimlərinə dəyirlər. Sənətkarlar toxunulmazdır. Olmaz!”


Teatr aktrisası son açıqlamalarının təhrif olunduğunu, ona qarşı kampaniya aparıldığını qeyd edib:

“İndiyə qədər ünvanıma artıq-əskik söz eşitməmişdim ki, kimsə məni düzgün başa düşməsin. Lakin vaxtında dediklərim öz əksini tapır. Nə gəlinlər, nə qızlar kənddə qalmaq istəyir, rayonda yaşayır. Ailələr dağılır, deyir ki, gedək Bakıda ev al, kirayə tut, səninlə yaşayım. Sonra da uşaqlarını atıb gedir. Həqiqətən onda bunu ürək ağrısı ilə dedim. Günahı tək onlarda görmürəm. İcra hakimiyyətlərində görürəm. Çünki rayonların qeydinə qalmırlar, parkda üç ağac əkirlər, ikisi quruyur. Bayramlarda rəngbərəng şamlar asırlar. Bununla sən vəzifəni yerinə yetirmirsən. Sən öz əhalini dolandırmalısan. Hansı yolla onu deyə bilmərəm. Amma stolunda otursam, beş günə çarə tapardım.

Niyə? Çünki mən xalqın içindən çıxmış adamam. Sənin kimi kiminsə qızı, ya da oğlu deyiləm. Mənim valideynim səndən də qat-qat yüksəkdə dayanan insandır, dayanacaq da. Sənin isə valideyninin çoxdan yaddan çıxıb. Amma ancaq söyüş sahibi olur. Çünki sən xalqı yola verə bilmirsən. Siz bilirsiz nə qədər kəndə qayıdan, ya da oradan xaricə gedən oldu. Çünki heç bir şəraitləri yoxdur. Gözə gələn şeyləri özləri üçün yaradırlar, xalqa, camaata heç bir şey vermirlər. Ona görə də inciməyə ixtiyarları var. Bu o demək deyil ki, siz Afaq Bəşirqızının dediyini təhrif edəsiniz, hansısa saytın, qəzetin axmaq əski parçası durub desin ki, Afaq Bəşirqızı bunu deyib. Afaq Bəşirqızı söyləyir ki, deməmişəm. Heç olmasa səsimə qulaq as, müsahibəmi izlə. Bir söz də deyim bu mənə qarşı yaradılan bir kampaniya idi. Bunu kimin etdiyini bilirəm.

Onu da qeyd edim ki, bu incəsənət xadimi deyildi. Ona demişdim ki, sən bu dövlətə yanan adam deyilsən. Ondan sonra mənə qarşı belə kampaniya oldu. Mətbuata “salam, sabahınız xeyir” deyəndə şərhlər hazır idi. Doğrudan da Allah mənə necə güc veribsə, fikrimə gələn ifadələrdə, gördüyüm işlərdə uduzmuram. Ona görə mən elə axmaq adamların sözünə gedən insan deyiləm. Hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Bu gün mədəniyyəti çatladan adam, sabah mədəniyyəti dağıdacaq. Bu da xalqın yoxluğu deməkdir”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.