Rusiyalılara öz üstünlükləri, məhdudiyyətsiz imkanlar hissi aşılanıb – UKRAYNADAN MÜSAHİBƏ

Mədəniyyət

Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlar fonunda müxtəlif cəbhə xətlərində hər iki tərəfdən həm pravoslavlar, həm də müsəlmanlar bir-biri ilə vuruşurlar. Ukrayna tərəfi müdafiəçi, Rusiya tərəfi hücumçu kimi çıxış edir. İnanclı insanlar, doğrudanmı, bunu başa düşmürlər?

Bununla bağlı 102info.az Ukrayna Pravoslav Kilsəsinin nümayəndəsi arxiyepiskop Yevstratidən (Zorya) münasibət öyrənib.

O, bunun səbəbini son 20 ildə Rusiya cəmiyyətinin təbliğatla qəsdən zəhərləndirilməsi ilə əlaqələndirib.

“Bu, ötən əsrin 20-30-cu illərində alman cəmiyyətinin zəhərləndiyi sxemə bənzəyir. Hər şey tədricən baş verdi”, – deyə o izah edib.

Arxiyepiskop bu müddətdə rusiyalılara öz üstünlükləri, müəyyən ali məqsədə çatmaq üçün məhdudiyyətsiz imkanlar hissi aşılandığını vurğulayıb və artıq 2014-cü ildən anti-Ukrayna isteriyasının başladığını bildirib.

“Ukrayna vətəndaşının simasında qəsdən Rusiya üçün xüsusilə təhlükəli düşmən obrazı formalaşdırıldı. Bir gündə, bir ayda belə hissləri Rusiya cəmiyyətinə aşılamaq olmazdı. Bunun üçün indiki Rusiya rəhbərliyi illərini sərf etdi. Vladimir Putinin Rusiya Federasiyasının prezidenti kimi ilk qərarlarından birinə diqqət yetirin. 2000-ci ilin mayında onun andiçmə mərasimi keçirilib və həmin il dövlət himni dəyişdirilib. Sovet himninin musiqisi götürüldü və Sergey Mixalkov üçüncü dəfə sözləri yenidən yazdı. Bu, Sovet imperiyasını bərpa etmək niyyətinin bəyannaməsi idi”.

Arxiyepiskop bundan əlavə, Rusiyada dini qurumların, Sovet İttifaqı dövründə olduğu kimi, indi də dövlət hakimiyyətinin tam nəzarəti altında olduğunu qeyd edib.

“Moskva Patriarxlığının Pravoslav Kilsəsinin bütün idarəetmə strukturları, köhnə təriqətçilər, bir çox müsəlman mərkəzləri, protestantlar və s. (bəlkə, Roma katolikləri istisna olmaqla) müharibənin (Ukrayna ilə – red.) tərəfdarı idilər”, – deyə o, bildirib.

Ukrayna Pravoslav Kilsəsinin nümayəndəsi müharibənin həm də insanların başqa keyfiyyətlərini – xeyirxahlıqlarını – üzə çıxardığını vurğuladı.

Qeyd edək ki, Ukraynada müharibənin ilk günlərindən çörəyin və zəruri əşyaların pulsuz paylanmasına dair çoxlu görüntüər paylaşılıb, belə təmənnasız yardım edənlər arasında Ukraynadakı azərbaycanlılar da var.

“Bu, əslində, müharibənin digər üzüdür. İnanılmaz qarşılıqlı yardım, birlik və mərhəmət hissi olur. Tamamilə yad insanlar bir-birlərinə hər cür kömək edirlər. Milli, dini, siyasi baxımdan istənilən fərqlər arxa plana keçir. Ukrayna – hamımızın ümumi evidir: Bu evə bəla gəldisə, onu hamı birlikdə xilas etməlidir”, – deyə arxiyepiskop Yevstrati sözlərini yekunlaşdırıb.

Nair Əliyev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.