Əfsanəvi Cim Kerri aktyorluq karyerasını bitirdiyini açıqlayıb – FOTO/VİDEO

Mədəniyyət

Hollivud ulduzu və komediya ustası Cim Kerri aktyorluğu tərk etmək qərarına gəlib. O, bu barədə “Access Hollywood”a müsahibəsində bildirib.

“Mən təqaüdə çıxıram. (Bunu) çox ciddi deyirəm. Əgər, əlbəttə ki, birdən mələklər mənə qızıl mürəkkəblə yazılmış ssenari gətirsələr və başa düşsəm ki, insanların bunu görmələri çox vacibdir, o zaman, bəlkə, qayıdaram”, – deyə Kerri bildirib.

O, sakit həyatını çox sevdiyini, başqa işlərlə yanaşı, özünü rəsm çəkməyə də həsr etdiyini, bundan həzz almaq və aktyorluğa fasilə vermək istədiyini deyib.

“Mən kifayət qədər iş görmüşəm. Mənə bəsdir”, – deyə əfsanəvi aktyor əlavə edib.

Qeyd edək ki, Cim Kerrinin 60 yaşı var. Onun iştirakı ilə sonuncu film – “Kirpi  Sonik – 2” (“Sonic the Hedgehog 2”) aprelin 8-də ABŞ-da nümayiş etdiriləcək. O, “Maska”, “Eys Ventura”, “Hər şeyə qadir Bryus”, “Trumanın şousu”, “Təmiz dərrakənin əbədi parıltısı” və “Qrinç Miladı necə oğurladı” filmləri ilə məşhurdur. Aktyorun iki “Qızıl Qlobus” və onun üçün altı nominasiya, “BAFTA” mükafatına nominasiya və bir sıra digər kino mükafatları var.

Mənbə: Esquire

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.