Londonda Nizami Gəncəvi ilə bağlı ingilis-fars təxribatı hazırlanır – FOTO

Mədəniyyət

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Nizami Gəncəvi həm də dünya ədəbiyyatının ən böyük dahilərindən biridir. Onun irsi uzun əsrlər boyu Azərbaycan xalqının nadir mədəni dəyərləri xəzinəsində layiqli yer tutub.

Nizami Gəncəvinin Azərbaycana danılmaz mənsubluğuna baxmayaraq, bəzi xalqların nümayəndələri paxıllığın doğurduğu inadkarlıqla onun mənşəyini şübhə altına almağa və onu öz mədəniyyətlərinə aid etməyə çalışırlar.

Dəhşətli məzmun təhrifləri ilə yad mədəniyyətin belə açıq-saçıq mənimsənilməsinin növbəti nümunəsini bir gün əvvəl hansısa “Britaniya-İran cəmiyyəti” nümayiş etdirdi.

Media.Az adı çəkilən cəmiyyətdən Barbara Brent adlı birinin kitabının təqdimatı ilə bağlı gecəyə dəvət məktubunun surətini əldə edə bilib.

Kitab “Heratın Xəzinələri: Britaniya Kitabxanasında Nizami “Xəmsə”sinin iki əlyazması” adlanır. Yeri gəlmişkən, Brent nəinki kitabı təqdim edir, həm də mühazirə oxumağa hazırlaşır.

O, dəvətnamənin özündə Nizami Gəncəvinin “Xəmsə”si haqqında qısa məlumat verib. Belə ki, dəvətin mətnində qeyd olunur ki, “Xəmsə” XII əsr şairi Nizami Gəncəvinin beş poemadan ibarət toplusudur. Sonra isə poemalardan birində “Sasani şahı Xosrovun erməni şahzadəsi Şirinə olan məhəbbətindən” bəhs edən hədsiz yalan və ikrah doğuran bir iddia irəli sürülür – bu sətirlərə bir diqqət yetirin…

Daha sonra dəvətnamədə “Leyli və Məcnunun faciəvi məhəbbət hekayəsi”, “Bəhram Gurun yeddi şahzadəsinin danışdığı əhvalatlar” və “Makedoniyalı İsgəndərin əhvalatı” xatırlanır.

Dəvətnamədə qeyd olunur ki, “işıqlı əlyazmalar XV əsrdə Heratda yaradılıb və onların bəzilərində əvəzedilməz Behzadın rəsmləri var”.

Öz növbəsində xatırlatmaq istəyirik ki, Nizami Gəncəvi əsərlərini fars dilində yazıbsa, bu onun bu xalqa mənsub olması demək deyil. Nizaminin milliyyəti haqqında çoxlu tarixi-mədəni faktlar var. Əvvəla, Nizami Gəncəvi həyatı boyu qədim Azərbaycan şəhəri olan Gəncədə yaşayıb-yaradıb. İkincisi, nəzərə almaq lazımdır ki, o dövrlərdə fars dili millətlərarası ünsiyyət dillərindən biri hesab olunurdu və Şərqin bir çox şair və yazıçıları bu dildə yazıblar.

Qeyd edək ki, “Xəmsə” və ya “Beşlik”ə “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndər-namə” daxildir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir