Qardaşlar velosipedlə qonşu rayona gedib 11 min manatlıq oğurluq etdilər – FOTO/VİDEO

KRMİNAL

Qaxda evdən 11 min manatlıq qızıl-zinət əşyaları oğurlayan zaqatalalı qardaşlar saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, zərərçəkən ev sahibi Rayon Polis Şöbəsinə etdiyi müraciətində ona 11 000 manat dəyərində maddi ziyan dəydiyini bildirib.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri – əvvəllər də oğurluğa görə dörd dəfə məhkum olunmuş Elxan Canımov və onun qardaşı Seymur Canımov saxlanılıblar.

Aparılan araşdırma zamanı məlum olub ki, qardaşlar əvvəlcədən əlbir olaraq oğurluq etmək məqsədilə Zaqatala rayonundan velosipedlə Qaxa gəliblər. Burada niyyətlərini həyata keçirdikdən sonra oğurladıqları qızıl-zinət əşyalarını Zaqatala və Şəki şəhərlərindəki qızıl qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin məntəqələr müəyyən olunub və saxlanılan şəxslərin yaşadığı ünvandan qızılların bir qismi maddi sübut kimi götürülüb. Onlar ifadələrində əməllərini etiraf edib və əldə etdikləri pulu əyləncəyə xərclədiklərini bildiriblər.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mubariz-Kesikde.org.az

Spread the love