“Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalının köklərini Moskvada axtarın” – MÜSAHİBƏ

Hərbi

Ermənistanda uzun müddətdir, etiraz aksiyaları keçirən parlament müxalifəti yeni taktikasını açıqlayıb. “Müqavimət” hərəkatının koordinatorlarından biri, Ermənistan Milli Məclisinin sədr müavini İşxan Saqatelyanın sözlərinə görə, müxalifətin vəzifəsi İrəvanı iflic etməkdir ki, bunun üçün də lazımi potensial var. Onun sözlərinə görə, artıq hakimiyyətin istefası ilə bağlı ictimai tələb formalaşıb, müxalifətə yalnız qüvvələri səfərbər etmək qalır.

Bundan başqa, İşxan Saqatelyan açıq şəkildə bildirib ki, Nikol Paşinyanın (Qarabağ, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlamaları ilə bağlı) razılaşmaları ləğv olunacaq:

“Beynəlxalq tərəfdaşlarımız bundan xəbər tutsunlar. Biz demirik ki, bu hakimiyyət kənarlaşdırılandan sonra biz Azərbaycana və Türkiyəyə müharibə elan edəcəyik, ya yox. Danışıqlar aparacağıq, amma ölkəmizin maraqlarını qoruyacaq öz gündəmimiz olacaq”.

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Ermənistan müxalifətinin etirazları və Ermənistanda hakimiyyət dəyişikliyindən sonra artıq əldə edilmiş razılaşmaların “ləğv edilməsi” ehtimalı ilə bağlı 102info.az-a fikirlərini bildirib:

– Razılaşmaların ləğv edilməsi çox yüksək ehtimalla mümkündür. Ermənistan müxalifəti ilk növbədə Moskvada müəyyən nüfuzlu qüvvələrlə əlaqəli olan “Qarabağ klanı”na arxalanır. Bunu artıq davam edən qlobal hibrid III Dünya müharibəsinin faktorlarından biri kimi qəbul edin.

İndi ayrıca nəzərdən keçirilməli olan hər-hansı lokal münaqişələr yoxdur. Qarabağ bölgəsi Ukrayna faciəsi ilə bağlıdır. Ukrayna faciəsi Yaxın Şərqlə bağlıdır və s. Dünya xəritəsinə yüksək  hündürlükdən baxın. Lokal münaqişələr, iqtisadi sanksiyalar, informasiya hücumları – bunlar ilk ikisindən fərqli şəkildə həyata keçirilən Üçüncü Dünya müharibəsinin alətləridir.

İstisna etmirəm ki, Rusiyada Azərbaycan cəmiyyətinin mövqeyinə qəzəblənən müəyyən qüvvələr var. Axı Azərbaycanda ukraynalıların daha çox dəstəkləndiyi göz qabağındadır. Rusiyada, bildiyiniz kimi, informasiya məkanında ermənilərin böyük təsir gücü var, həm ukraynalılara, həm də qazaxlara qarşı şovinizmi, nifrəti qızışdıran Marqarita Simonyan və onun həyat yoldaşı Tiqran Keosayanı qeyd etmək kifayətdir, biz bunu görürük.

Və bu müəyyən qüvvələr İrəvanda Paşinyanı devirmək və Qarabağ razılaşmalarından imtina etmək istəyən qüvvələrlə bağlıdır. Bu isə Azərbaycana təzyiq etmək üsullarından biridir.

– Bəs sizcə, Ermənistanda çevriliş, hakimiyyət dəyişikliyi ehtimalı nə dərəcədə yüksəkdir?

– Bu ehtimal olduqca yüksəkdir. Və mən azərbaycanlılara bu məsələyə çox ciddi yanaşmağı təklif edirəm. Ancaq bunun açarlarını və köklərini Moskvada axtarın. Heç bir erməni müxalifəti yoxdur ki, təkbaşına hərəkət etsin. Onların hamısı Moskvada geosiyasi hibrid müharibəsi üzrə tapşırıqları həyata keçirən, Azərbaycana təzyiq göstərən müəyyən qüvvələrdən əmr və resurslar alır.

Aydındır ki, heç bir müharibə tələb olunmayacaq. Amma təsəvvür edin ki, on terror qruplaşması yarana bilər ki, bunlar da Şuşaya – Azərbaycanın Laçının ətrafında çəkdiyi yola və s. hücumlar təşkil edə bilər. Bu, Ermənistan ordusu ilə toqquşmadan qat-qat təhlükəli olacaq. “Miatsum” və “Arsax”ın azad edilməsi (dırnaqlar müəllifə məxsusdur – red.) şüarları altında fanatiklərin və radikalların Azərbaycana qarşı başlaya biləcəyi terror müharibəsi böyük problemdir. Mən sizin  yerinizdə olsam, bu məsələyə çox-çox diqqətlə yanaşardım.

Nair Əliyev

Mubariz-Kesikde.org.az

Spread the love