Azərbaycan-Latviya hərbi əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib

Hərbi

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Zakir Həsənov Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

A.Pabriks dövlətlər arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib. Baş nazirinin müavini, həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Mubariz-Kesikde.org.az

Spread the love