Xarkovlu qız doğma şəhəri barədə: “İnsanların meyitləri magistral yolun üstündə qalmışdı” – MÜSAHİBƏ + FOTO

Hərbi

Ən çox “Qrad”lardan qorxurdum. Bir buraxılışda 20-40 mərmi bizə tərəf uçurdu. Təsəvvür edin, zirzəmidə oturmusan və dərhal bu səsi tanıyırsan… Ürəyin dayanır, sadəcə evinə dəyməyəcəyinə ümid edirsən. Sonra isə nəfəs alırsan və anlayırsan ki, həmin vaxt sağsan. Amma bundan sonra nə olacağı bilinmir.

Bunu Media.Az-a Xarkov sakini Yuliya Vilkova danışır.

Cəmi bir neçə gün əvvəl o, əri ilə Ukraynanın başqa şəhərinə köçüb. Gənc xanım əvvəllər Xarkovun ən böyük yaşayış massivində kirayə qalırmış. Bura ətrafına xeyli ziyan dəymiş dairəvi yolun yaxınlığında yerləşir.

“Müharibənin ilk günlərində insanların meyitləri elə magistral yolun üstündə qalmışdı. Heç kim onları götürə bilmirdi, atəş dayanmırdı. Bir dənə də olsun salamat ev qalmadı, hər şey yerlə yeksan oldu…” – deyə Y.Vilkova bildirir.

Onun sözlərinə görə, Rusiya qoşunlarının Ukraynaya hücumundan əvvəl cütlük binanın səkkizinci mərtəbəsində yaşayıb, ancaq sonra birinci mərtəbəyə, ərinin anasının yanına köçüb. Bununla belə, demək olar, bütün vaxtları zirzəmidə keçib.

Vilkovanın dediyinə görə, bütün bu müddət ərzində işıq, su və istilik olmayıb.

“Özümüzə yatmaq üçün yer düzəltdik: köhnə qapını vedrələrin üstünə qoyduq, yorğan gətirdik. Zirzəmidə bizimlə başqa qonşular da yaşayırdılar. Danışır, kədərlə keçmiş günlərimizi xatırlayırdıq… Ancaq bir-iki həftədən sonra çoxu getdi”.

Yuliya Vilkovanın sözlərinə görə, təkcə zirzəmi yox, bütövlükdə şəhər boşalıb, buna görə qalanların əhval-ruhiyyəsi xeyli pisləşib:

“Vaxtilə bura Ukraynanın fəvvarələri, təhsil ocaqları ilə məşhur ən gözəl şəhəri olub… Küçələr həmişə insanla dolu olurdu. İndi isə bunların heç biri qalmayıb. İlk saatlarda Rusiya ordusu mühüm şəhər infrastrukturunu atəşə tutdu, gün ərzində isə artıq mərmilər asfalt yollara və yaşayış binalarına dəyməyə başladı. Bir həftə sonra zooparklar, ticarət mərkəzləri və bazarlar atəşə tutuldu”.

Döyüşlərin ilk günləri haqqında danışmağa davam edən Xarkov sakini fevralın 24-də mağazalardakı bütün rəflərin necə boşaldığını xatırlayır. O, bu kabusun tezliklə bitəcəyinə inandığından ərzaq almağa tələsməyib. Ancaq vəziyyət daha da pisləşib.

“Bizim ərazidə işləyən yeganə supermarket evdən uzaqda yerləşirdi. Oraya ancaq günortaya yaxın çatır və boş çantalarla qayıdırdıq. Axı artıq səhər 6-dan növbələr yaranırdı, əsas məhsullar (çörək, ət və dənli bitkilər) dərhal alınırdı. Bununla belə, ümidimizi itirmir, dönə-dönə oraya gedirdik”, – deyə qız olanları xatırlayır.

Sonradan Xarkova ərzaq çatdırılmağa başladı və sanki problem həll olundu. Lakin Y.Vilkova və əri yeni bir şok yaşadılar.

“Biz supermarketdən ağır paketlərlə çıxdıq, birdən düşmən raket yağdırmağa başladı. İnsanlar qışqırmağa, ağlamağa, hər tərəfə qaçmağa başladılar… Ətrafa baxmaq qorxulu idi. Yaşayış binasına tərəf qaçdıq, amma elə bil, qaçmır, yavaş-yavaş yeriyirdik. Ayaqlarımız sözümüzə baxmırdı… Ukraynanın hava hücumundan müdafiəsi mərmiləri vururdu və qəlpələr təzəcə çıxdığımız mağazanın divarlarına girirdi. Bu, dəhşətli mənzərəydi”, – deyə Y.Vilkova xatırlayır.

Qadın üçün evdən hər çıxış əsl sınağa çevrilib. Onun sözlərinə görə, azı yarım saat sakitlik gözləyəndən sonra o, əri ilə iti gəzdirmək üçün zirzəmidən çıxırmış.

“Geri dönməyəcəyimizi anlayaraq binadan çıxırdıq. Yadımdadır, bir dəfə küçədə dayanıb təmiz hava udub, sükutdan həzz alırdım. Və həmin anda mən həyatımdakı ən dəhşətli səsi eşitdim – uçan mərminin fiti… və sonra partlayış. Raket qarşıdakı evə dəydi, yanğın başladı. Mən baxırdım və hərəkət edə bilmirdim. Şokda idim… Bu həmin kirayə qaldığımız ev idi…” – deyə o davam edir.

Cütlük zirzəmiyə qaçır və bütün əşyaların, avadanlıqların məhv olduğu ilə barışır. Ancaq ertəsi gün nəyinsə salamat qalıb-qalmadığını yoxlamaq qərarına gəlir. Məlum olur ki, mərmi qonşu girişdə yerləşən mənzillərə ziyan vurub.

Yuliya Vilkovanın valideynlərinə gəlincə, onlar müvəqqəti olaraq bağ evində yaşayıblar. Həmin vaxt onların evinin yanına raket düşüb: “Möcüzə nəticəsində heç kim xəsarət almayıb. Ancaq nəhəng bir çuxur meydana gəlib. Daha sonra orada qalmaq ölümcül təhlükəli olduğu üçün ukraynalı hərbçilər yerli əhalidən ərazini tərk etməyi xahiş ediblər. Ona görə də anam və atam bizim yaxınımıza köçdülər”.

Qız sona qədər şəhəri tərk etmək istəmirdi. Ancaq valideynləri onu bu addımı atmağa təşviq etdilər.

“Onlar göz yaşı içində ərimlə məndən getməyimizi istədilər ki, heç olmasa, biz sağ qala bilək. Vinnitsa bölgəsindəki dostlarımızın yanına getməyimizin yeganə səbəbi budur. Xarkovdan çıxanda dəhşətə gəldik. Şəhərimiz sanki öldürülmüşdü. Hər gün anamdan və atamdan bizimlə yaşamağa dəvət edirəm. Onların hələ də orada qalmaları ürəyimi parçalayır. Xəbərləri oxumağın nə qədər qorxulu olduğunu bilsəydiniz… Orada valideynlərimin evinin yandığını görməkdən qorxuram”.

Cütlük Vinnitsa bölgəsində avadanlıqsız və qazsız çox ucuz mənzil kirayə götürüb. Çünki hazırda onların heç biri işləmir. Yuliya Vilkovanın sözlərinə görə, onların ərazisi nisbətən sakitdir, yalnız hava hücumu siqnalları səslənir.

O iddia edir ki, məmləkətlərində, köçdükdən iki gün sonra, ər-arvadın gizləndiyi zirzəminin yaxınlığına mərmi düşüb. Nəticədə çoxlu sayda insan yaralanıb və ölüb.

“Hər şey bizim yaşadığımız zirzəmiyə yaxın olan uşaq meydançasında baş verib. O gün mən ölə bilərdim, çünki bu vaxt həmişə iti gəzdirirdim. Valideynlərim məni getməyə razı salmaqla həyatımı xilas etdilər”, – deyə Yuliya Vilkova bildirir.

Hazırda nisbətən təhlükəsiz yerdə olmasına baxmayaraq, Yuliyanın psixoloji durumu hələ də qeyri-sabitdir.

“Vinnitsa bölgəsində ilk gecədə ən kiçik xışıltıya fikir verdiyim üçün yaxşı yata bilmədim. İnanın ki, mən yüksək səslər eşidən kimi ürəyim sürətlə döyünməyə başlayır, əllərim uyuşur. Qapılar bağlı olanda belə titrəyirəm… Müharibə çox qorxuludur…”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.