Bakının “Prius” DƏRDİ: Qəzaların səbəbi əyləc problemidir? – FOTO

Cəmiyyət

Ölkədə hər gün yol-nəqliyyat hadisələri baş verir. Bu qəzaların əksəriyyətini isə “Toyota Prius” markalı avtomobillərin sürücüləri törədirlər. Monitorinq aparsaq, görərik ki, hər beş qəzadan üçündə təqsirli tərəfin avtomobili “Toyota Prius”dur. İddialar var ki, qəzaların artma səbəbi bu maşınların əyləc sisteminin yaxşı işləməməsidir. 

Məsələ ilə bağlı 102info.az-a danışan texnika elmləri namizədi, dosent, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, “Prius”ların əyləcində problem olub-olmadığını müəyyənləşdirmək üçün ciddi araşdırma aparılmalıdır:

“Çünki hər bir firma, nəqliyyat vasitələri istehsal edən zavod öz avtomobillərinin rəqabətdə qalib gəlməsini istəyər. Ona görə də avtomobil hazır olduqdan sonra müəyyən testlərdən keçir. Əgər nəqliyyat vasitəsinin hansısa bir hissəsində çatışmayan cəhət varsa, şirkət onu təkmilləşdirməyə çalışır. Belə nümunələr həddən çoxdur. “Prius”larda da hələ əyləc problemiylə bağlı bir göstərici yoxdur”.

Ekspert qeyd edib ki, nəqliyyat vasitələrinin hamısında xüsusi təhlükəsizlik elementləri var:

“Onlar isə beş yerə ayrılır: aktiv təhlükəsizlik elementləri, passiv təhlükəsizlik elementləri, qəzadan sonrakı təhlükəsizlik elementləri, ekoloji təhlükəsizlik elementləri və qaçırılmağa qarşı təhlükəsizlik elementləri. Aktiv təhlükəsizlik elementləri içərisinə ilk olaraq əyləc sistemindəki elementlər daxildir. Sükan mexanizmi, görünüş dairəsi, keçid qabiliyyəti və s. də aktiv təhlükəsizlik elementləridir. “Prius” avtomobilləri də bu sınaqlardan keçib, standartlara uyğun olduqları müəyyənləşib. Ona görə də qəzanı nəqliyyat vasitəsinin üzərinə yıxmaq olmaz. Məsələn, Rusiya istehsalı avtomobillər konstruktiv cəhətdən nisbətən geri qalan nəqliyyat vasitələridir. 

Bizdə “Avro-4”, “Avro-5”, “Avro-6” standartları var, avtomobillər onlara uyğun gəlməlidir. Ona görə də bütün qəzaları nəqliyyat vasitəsinin üzərinə yıxmaq düzgün deyil”.

Həmsöhbətimiz hesab edir ki, qəzalarda təqsirkar sürücülərdir:

“Bəs nəyə görə “Prius”la daha çox qəza törədilir?, – deyə sual oluna bilər. Bildirim ki, hazırda kommersiya nöqteyi-nəzərindən taksi xidmətinə ən çox bu avtomobilləri verirlər. Onların da bəziləri işlənmiş olur, ona görə də ucuz alıb təcrübəsiz sürücülərə verirlər. Həmin sürücülər isə yaxşı pul qazanmaq istəyirlər, ancaq aktiv və passiv diqqət barədə heç nə bilmirlər, tıxacı tez keçmək üçün təhlükəsizliyə əməl etmirlər, ara məsafəsi saxlamırlar, yol hərəkəti qaydalarını gözləmirlər, sərnişinlə danışırlar, nəticədə qəza baş verir. Yəni qəzalar sürücülərin təqsiri ucbatından baş verir. Monitorinq aparılmalıdır ki, həmin avtomobillərlə qəza törədənlərin neçə faizi taksi sürücüsü, neçə faizi şəxsi istifadəçidir. Görəcəyik ki, əksəriyyəti taksi xidmətində çalışanlardır. 

Yol-nəqliyyat hadisələrinin baş verməsinin həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv amillər şəxslə bağlıdır, sürücü və ya digər bir şəxs burada rol oynayır. Obyektiv amillərə görə isə nəqliyyat vasitələrinin əyləcində problem ola, yolda hansısa hadisə baş verə bilər. Amma 80-90 faiz qəzada sürücü günahkardır”.

Sayad Həsənli 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir