“Ev mənimdir, çıx!” – Kirayə müqaviləsinə xitam verilməyən kirayəçi nə etsin? + FOTO

Cəmiyyət

Ölkədə kirayə mənzillərlə bağlı problem təkcə qiymətlərin baha olması ilə bitmir. Həllini tapmayan bir digər məsələ mülkiyyətçinin istədiyi vaxt kirayə qalan şəxsi evindən çıxarmasıyla bağlıdır. Bu hal isə gah tərəflər arasında kirayə müqaviləsinin bağlanmamasından, gah da kirayə götürənin öz hüquqlarını bilməməsindən qaynaqlanır. Bu gün mövcud problemlə daha bir vətəndaş üzləşib. Hadisə ilə bağlı “Facebook”da paylaşım edən şəxs qeyd edir ki, 2014-cü ildə kirayə müqaviləsi bağlayaraq ailəsi ilə birlikdə hazırda yaşadığı evə köçüb. Lakin sentyabrın 5-də mülkiyyətçi müqavilə pozulmadığı halda onlardan evi boşaltmağı tələb edib. 

Əmlak məsələləri üzrə ekspert, hüquqşünas Ramil Osmanlı 102info.az-a açıqlamasında bildirib ki, Azərbaycanda kirayə münasibətlərinin çox böyük hissəsi rəsmiləşdirilməyib:

“Düzdür, son illər rəsmiləşdirmə istiqamətində xeyli irəliləyiş mövcuddur, amma yenə də qənaətbəxş olduğunu deyə bilmərik. Bu da ondan irəli gəlir ki, kirayə üzrə münasibətlərdə müəyyən vergi öhdəlikləri yaranır, tərəflər həmin vergi öhdəliklərindən yayınmaq üçün kirayə müqaviləsi bağlamırlar. Yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu proses tənzimlənir və məcəlləyə görə, kirayə üzrə vergi öhdəlikləri fiziki şəxslər üçün 14 faiz nəzərdə tutulur. Əgər bağlanan müqavilədə əlavə şərtlər yoxdursa, bunu mütləq kirayə verən şəxs ödəməlidir. Ancaq tərəflər arasında əlavə razılaşma olduğu təqdirdə vergi kirayə götürənin üzərinə yönəldilə bilər”.

Ekspert vurğulayıb ki, əgər müqavilə notarial qaydada təsdiq olunubsa, mülkiyyətçi kirayə qalan şəxsi istədiyi vaxt evdən çıxara bilməz:

“Qanunvericilik bütün məsələləri tənzimləyir. Mülki Məcəllənin 675-ci maddəsi və ondan sonra gələn təqribən 20-yə yaxın maddə birbaşa kirayə münasibətlərini tənzimləmək üçün nəzərdə tutulub. Bəli, mülkiyyətçinin müqaviləni pozmaq kimi bir hüququ var, amma həmin məsələ də qanunla tənzimlənir. Bunu etmək üçün kirayə verən şəxsin məntiqli əsaslandırması olmalıdır. Əgər əsaslandırması varsa, rəsmi bildirişlə kirayə götürənə ən azı bir ay əvvəldən məlumat verməlidir. Lakin əsaslandırmanın nədən ibarət olduğu olduqca önəmlidir. Çünki kirayə götürənin də hüquqları qanunla tənzimlənir. 

Qanunvericilik müəyyən edir ki, əsaslandırılmış səbəblər olduqda kirayə götürənin xeyrinə bu müqavilənin pozulması üç, altı, doqquz ay uzadıla bilər. Kirayə müqaviləsi varsa, üç-beş gün əvvəldən gəlib evi boşaltmaq tələb oluna bilməz. Hesab edirəm ki, bu, məhkəmə qaydasında mübahisələndirilməli olan məsələdir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, əgər müqavilə üzrə kirayə müddəti göstərilirsə, həmin müddət bitdikdə kirayə müqaviləsinin yenilənməsinə ehtiyac var:

“Amma tərəflərdən biri müqavilənin pozulmasıyla bağlı yazılı qaydada qarşı tərəfə bildiriş təqdim etmirsə, o zaman qanunvericiliyə görə, müqavilə uzadılmış sayılır”.

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.