Zığ-Hövsan yolu niyə qaranlığa qərq olub? – VİDEO

Cəmiyyət

Son günlər Zığ-Hövsan yolunun qaranlıq olması, avtomobillərin hərəkətində çətinlik yaranması ilə bağlı sosial şəbəkələrdə şikayətlərə rast gəlinir. Bildirilir ki, sözügedən yolda işıqların yanmaması səbəbindən ötən bir həftə ərzində üç avtomobil qəzası, iki piyadavurma hadisəsi baş verib. 

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Qurumdan cavab olaraq bildirilib ki, hazırda həmin yolda təmir işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə yol işıqlandırılacaq:

“Həmin ərazidə əsas yol üzrə təmir bitib. Hazırda yol kənarında bəzi işlər görülür. Hələ ki işıqlar şəbəkəyə qoşulmayıb. Əvvəllər həmin ərazidə işıqlandırma sistemi ümumiyyətlə olmayıb. Təzə layihə üzrə orada yeni işıqlandırma sistemi qurulur. İndi onun mövcud şəbəkəyə qoşulması, test, sınaq işləri həyata keçirilir. Yaxın günlər ərzində həmin yolda işıqlar yanacaq”.

Qəzaların baş verməsinə gəlincə isə agentlikdən bildirilib ki, yolda tikinti gedən vaxt mövcud şəraitə, yol nişanlarına uyğun hərəkət olmalıdır. Əgər yolda 60 km/saat sürət nəzərdə tutulubsa, sürücülər sürəti qaldırmamalıdırlar. 

Qeyd edək ki, bir neçə ay əvvəl Suraxanı rayonunun Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı Prezident tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən, 58 min nəfərin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına yeddi milyon manat ayrılıb.

mubariz-kesikde.org.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir